59 jurnalist ölüb, 533-ü həbs edilib, 65-i oğurlanıb…- "Medianı boğan" ölkələr hansılardır? (Sərhədsiz Reportyorlar)

2022-ci ildə dünyada ən azı 59 media işçisi peşə fəaliyyəti ilə məşğul olarkən həyatını itirib. Onların 80 faizi məqsədli şəkildə öldürülüb.

Azpost.info xəbər verir ki, bu məlumatı Sərhədsiz Reportyorlar beynəlxalq təşkilatı yayıb.

Meksika 4-cü ildir ki, “jurnalistlər üçün ən təhlükəli ölkə” olaraq qalır. Ötən il burada mütəşəkkil cinayətkarlıq kimi həssas mövzuları işıqlandıran ən azı 11 jurnalist öldürülüb.

Təşkilatın hesabatına görə, 2022-ci ildə Ukrayna da media işçiləri üçün ən təhlükəli ölkələrdən birinə çevrilib: “Rusiya təcavüzü bu il xarici işgüzar səfərlərdə olan bir sıra jurnalistlərin ölümünə səbəb olub. Martın 13-də Rusiya qüvvələri tərəfindən güllələnərək öldürülən ukraynalı fotoqraf Maksim Levin və Ukraynanın şərqində çəkiliş aparmağa gedərkən öldürülən fransız videoreportyor Frederik Imhof belə nümunələrdəndir”.

Sərhədsiz Reportyorlar 2022-ci ildə dünyada ən azı 65 media işçisinin oğurlandığını bildirir. Bundan başqa bu il dünyada misli görünməmiş sayda – ən azı 533 jurnalist həbs edilib. Belə halların yarıdan çoxu 5 ölkədə baş verib: Çin, Myanma, İran, Vyetnam və Belarus.

“Həbsdə olan media işçilərinin rekord sayda olması onu göstərir ki, avtoritar rejimlər arzuolunmaz jurnalistləri getdikcə daha çox dəmir barmaqlıqlar arxasına atırlar”, – təşkilatın nümayəndəsi Katya Qloqer bildirib.

Azpost.info

Əvvəlki məqalə

Birinci Qarabağ müharibəsinin 17 min əlil veteranına birdəfəlik ödəmə verilib

Sonrakı məqalə

Müdafiə nazirinin müavinləri Kəlbəcərdə döyüş mövqelərində olub, hərbçilərlə görüşüblər