Bugünədək 600-ə yaxın Azərbaycan vətəndaşı ölkəyə repatriasiya edilib. Onların 515-i uşaq, 74-ü qadın, 2-si isə kişidir.
Bu barədə AZƏRTAC-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən cavabda bildirilib.
Qeyd olunub ki, ölkəyə repatriasiya edilən Azərbaycan vətəndaşlarının sosial müdafiəsinin təmin olunması və onların cəmiyyətə reinteqrasiyasına dəstək göstərilməsi məqsədilə agentlik tərəfindən iş aparılır. Repatriasiya edilmiş vətəndaşlar ilkin mərhələdə SXA-nın müvafiq sosial xidmət müəssisəsinə yerləşdirilir: “Repatriantlar burada ilkin sosial reabilitasiya xidməti aldıqdan sonra ailələrinə yerləşdirilirlər. Şəxslərin cəmiyyətə reinteqrasiyası və fərdi ehtiyaclarına uyğun sosial reabilitasiyanın təmin olunması məqsədilə müvafiq tədbirlər həyata keçirilir. Bu çərçivədə ailələrə səfərlər edilir, onların sosial-psixoloji vəziyyəti qiymətləndirilir və fərdi inkişaf planı hazırlanır. Sosial işçilər ailələrlə mütəmadi əlaqə saxlayır və onların mövcud problemlərinin həlli istiqamətində dəstək göstərirlər. Repatriantlar sosial-hüquqi, sosial-psixoloji, sosial-pedaqoji və sosial-məsləhət xidmətləri ilə əhatə olunurlar”.