Avropa İttifaqı Rusiya ilə bağlı fövqəladə sammit çağırır
Avropa İttifaqı (Aİ) “DXR” və “LXR”-in Rusiya tərəfindən tanınması ilə bağlı üzv dövlətlərin hökumət başçılarının fövqəladə sammitinı çağırır.
Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, sammit fevralın 24-nə planlaşdırılıb. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin 27 ölkənin liderinə ünvanladığı məktubda deyilir: “Rusiyanın təcavüzkar hərəkətləri beynəlxalq hüququ, Ukraynanın ərazi bütövlüyünü, suverenliyini, həmçinin Avropanın təhlükəsizlik nizamını pozur. Vahid və qətiyyətli qalmağımız, kollektiv yanaşma və hərəkətlərimizi birgə müəyyən etməyimiz vacibdir”.
Ş.Mişel Ukrayna və onun xalqını dəstəkləməyə davam edəcəklərini də deyib. Avropa Parlamentinin sədri Roberta Metsola da öz növbəsində bildirib ki, fevralın 24-də Ukrayna ətrafında vəziyyəti müzakirə etmək üçün siyasi qrupların liderləri ilə fövqəladə iclas çağırıb.
Azpost.info
