“Restorana gedə, taksiyə minə bilmirəm” –

fridman oliqarx

Sanksiyalara məruz qalan rusiyalı milyarder Mixail Fridman pulsuzluqdan şikayətlənib.

Azpost.info xəbər verir ki, Fridman bu barədə İspaniyanın “El Pais” qəzetinə danışıb. Dediyinə görə, Britaniya hökuməti ona müəyyən məbləğdə pul xərcləməyə icazə verməlidir ki, məsələn, taksiyə minsin və ya yemək ala bilsin: “Mən hətta restorana belə, dəvət edə bilmərəm. Yeməyi evdə yeməliyəm və demək olar ki, ev dustaqlığındayam”.

Milyarder əlavə edib ki, Britaniyada aldığı və təmir etdirdiyi evi saxlaya bilib-bilməyəcəyi qeyri-müəyyəndir. O, Londonda yaşamağa davam edib-etməyəcəyini də bilmir: “Səkkiz ildir Londonda yaşayıram, Böyük Britaniyaya və digər Avropa ölkələrinə milyardlarla dollar sərmayə qoymuşam. Bunun cavabı belə olub ki, hər şeyimi əlimdən alıblar, özümü də qovurlar”.

Fridman hesab edir ki, rusiyalı iş adamlarına qarşı sanksiyalar səmərəsizdir: “Populizm cəlbedicidir, lakin praktiki baxımdan sanksiyalar səmərəli deyil. Çünki onlar iş adamlarını Rusiyaya qayıtmağa sövq edir”. O, rus oliqarxların Rusiya prezidentinə təsir göstərdiyi ilə bağlı fikirləri axmaqlıq adlandırıb.

Fevralın 28-də Avropa İttifaqı Fridman və onun biznes ortağı Pyotr Avenə qarşı sanksiyalar tətbiq edib. Ardınca Böyük Britaniya da oxşar addım atıb.

Azpost.info