Bakıda çoxmərtəbəli binanın damında baş verən yanğın söndürülüb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 16 ünvanında çoxmərtəbəli yaşayış binasının dam örtüyündə baş vermiş yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Qeyd edək ki, yanğın zamanı bina sakinləri təhlükəsiz əraziyə təxliyə olunub. İlkin məlumata əsasən, yanğın zamanı 10 nəfər tüstüdən zəhərlənib. Onlardan 4 nəfərə yerində ilkin tibbi yardım göstərilib, 6 nəfər Respublika Toksikologiya Mərkəzinə aparılıb.
***
Bakının Xətai rayonu Neapol küçəsi, 29/42-da, mənzil 79-da mansardın yanması nəticəsində 11 nəfərin boğulma ehtimalı ilə xəstəxanaya gətirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hadisə barədə məlumat təcili yardıma saat 01:48-də daxil olub. Hadisə yerinə 10 təcili tibbi yardım briqadası göndərilib.
Hadisə nəticəsində 5-i uşaq olmaqla, 11 nəfər tüstüdən boğulma ehtimalı ilə Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə çatdırılıb. Xəstələrə lazımi tibbi yardım göstərilib və ambulator müalicəyə buraxılıblar.

