Bişkekdə Ala-Too meydanında Qırğızıstanın yeni bayrağı qaldırılıb.
Azpost.info xəbər verir ki, mərasim fəxri qarovul dəstəsinin və KİV nümayəndələrinin iştirakı ilə Qırğızıstanın himninin səsləndirilməsilə başlayıb.
Bu dəfə meydanda Joqorku Keneşin (Ali Sovet) təsdiq etdiyi dövlət rəmzi ucaldılıb. Bundan əvvəl yanvarın 1-də Ala-Too meydanında parlamentin təsdiq etdiyi bayraqdan fərqli bayraq asılmışdı. Bu da ictimaiyyətdə suallar doğurmuşdu.
Prezident administrasiyasının informasiya siyasəti şöbəsinin müdiri Dayırbek Orunbekov bildirib ki, bu variant Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənib.
Qırğızıstanda dekabrın 26-da yeni bayraq dizaynı haqqında qanun rəsmən qüvvəyə minib. Sənədə əsasən, bayraqda təsvir olunan, günəbaxana bənzəyən günəş şüaları dalğavari deyil, düz olacaq.
Qırğızıstan bayrağının 2023-cü ilin oktyabrında dəyişdirilməsi təşəbbüsü Joqorku Keneşin sədri Nurlanbek Şakiyev və deputat Ulan Primov tərəfindən irəli sürülüb.
Daha sonra prezident Sadır Japarov bu ideyanın ona məxsus olduğunu etiraf etdi və sadəcə olaraq spikerdən müvafiq qanun layihəsinin təşəbbüskarı olmasını xahiş etdi.
Ölkə bayrağının dəyişdirilməsi ideyası ictimaiyyət arasında rezonans doğurdu və vətəndaşlar sosial şəbəkələr vasitəsilə bu təşəbbüsə qarşı çıxış etməyə başladılar, həmçinin deputatları və prezidenti qanun layihəsini geri götürməyə çağırdılar. Rəsmilər geri addım atmadılar və qərarlarını köhnə bayraqdakı günəş şüalarının guya günəbaxan kimi görünməsi ilə izah ediblər.
Azpost.info