ABŞ Rusiyadan artan təhlükə fonunda nüvə silahlarını Böyük Britaniyaya qaytarmaq qərarına gəlib.
Azpost.info xəbər verir ki, bu barədə “The Telegraph” Pentaqonun sənədlərinə istinadən yazır.
“Döyüş başlıqları 2008-ci ildən bəri ilk dəfə olaraq Saffolkdakı Leykenhit bazasında yerləşdiriləcək. Onların gücü 1945-ci ildə Xirosimaya atılan bombanın gücündən üç dəfə yüksək olacaq”, – nəşr qeyd edir.
Pentaqonun dövlət satınalma saytının yaydığı sənədlərə görə, Böyük Britaniyada nüvə missiyasına hazırlıq zamanı ABŞ Müdafiə Nazirliyi əlavə ballistik mühafizə vasitələri və hidravlik rampalar almağı planlaşdırır.
Bundan başqa, layihə ərazidə işləyəcək amerikalı hərbçilər üçün yeni yaşayış kompleksinin tikintisini nəzərdə tutur. Tikinti iyun ayında başlamalıdır.
ABŞ-ın döyüş başlıqlarının Böyük Britaniyaya qaytarılması Ukraynaya müdaxiləsindən sonra Rusiya ilə artan gərginliyə cavab olaraq NATO-nun nüvə inkişafı və modernləşdirilməsi proqramının bir hissəsidir.
Pentaqonun sözçüsü bu məlumatı təsdiq və ya təkzib etməyib. O qeyd edib ki, ABŞ-ın siyasəti hər hansı ümumi və ya konkret yerdə nüvə silahının olub-olmaması ilə bağlı suallara cavab verməyi nəzərdə tutmur.
Azpost.info