İmişli rayon 7 saylı tam orta məktəbin akt zalında, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Qayıdış” İctimai Birliyinin təşkilatçılığı ilə “Mil-Muğan mədəni irsi: İmişli rayonunun arxeoloji abidələri” adlı seminar keçirildi.
Seminarda AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Mikayıl Mustafayev İmişli rayonunun ərazisində yerləşən qədim arxeoloji abidələr – “Qızıltəpə”, “Muxortəpə”, “Qara təpə” və digər yerlər haqqında geniş məlumat verib. O, qeyd edib ki, bu abidələr Səlcuqlu imperiyasından başlayaraq, Şirvanşahlar, Ağqoyunlu və Qaraqoyunlu dövlətlərinə qədər müxtəlif tarixi dövrləri əhatə edir.
Təhsil sektorunun baş məsləhətçisi Vahid Tağıyev də çıxışında bu abidələrin xalqımızın qədim tarixini əks etdirən mədəniyyət nümunələri olduğunu və Kür-Araz mədəniyyətinə aid edilən tapıntıların əhəmiyyətini vurğuladı.
İcra Hakimiyyətinin humanitar şöbəsinin müdiri Rüfət Muradov arxeoloji qazıntılar zamanı aşkar edilən məişət əşyalarının və gümüş sikkələrin tarixi öyrənmək baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirdi.
Seminarda digər çıxış edənlər arasında tarix müəllimləri Ziyafət Musazadə və Eldəniz Hümbətov, eləcə də Tarix-Diyarşünaslıq Muzeyinin direktoru da iştirak ediblər. Seminarın sonunda “Qayıdış” İctimai Birliyinin dəstəyi ilə nəşr olunan “Mil-Muğan mədəni irsi: İmişli rayonunun arxeoloji abidələri” kitabı iştirakçılara və yerli təhsil, mədəniyyət müəssisələrinə təqdim olundu. “Qayıdış” İctimai Birliyinin sədri Hasil Tağıyev kitabın İmişlinin antik dövr abidələri və arxeoloji tapıntılar haqqında ətraflı məlumat verdiyini vurğuladı.