“Bu əlamətlər insultun əlamətidir, dərhal müalicə başlamalıdır” –Doktor Mənsumə Talıbova /MÜSAHİBƏ

Hər il dünyada 15 milyondan çox insan insultdan əziyyət çəkir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, ölüm səbəbinə görə dünyada ürək-damar xəstəliklərindən sonra insult ikinci yerdədir. 29 Oktyabr – Ümumdünya İnsultla mübarizə Günüdür. Bu günün qeyd edilməsinin məqsədi diqqəti insult xəstəliyinin ciddiliyinə və onun erkən aşkarlanmasının zəruriliyinə cəlb etməkdir. Bütün dünyada olduğu kimi, xəstəliyin cavanlaşması son vaxtlar Azərbaycanda da müşahidə edilir.

İnsultun insanlar arasında belə geniş yayılmasının səbəbləri ilə bağlı Mərkəzi Gömrük Hospitalının nevroloqu doktor Mənsumə Talıbovanın müsahibəsini təqdim edirik.

– Həkim, işemik insult haqqında nə deyə bilərsiniz?

-İnsult beyinin qan dövranının kəskin pozulması, yəni beyini qidalandıran damarlardan bir və ya bir neçəsinin daralması və ya tutulmasıdır. İşemik insult – beyin qan axınının kəskin pozulması, damar, ürək və ya qan xəstəlikləri ilə bağlı, tromboz və ya emboliya ilə əlaqədar, beyinin müəyyən bir bölgəsində kifayət qədər qan təchizatının çatışmazlığı nəticəsində beyinin ocaqlı zədələnməsidir. 24 saatdan artıq davam edən və ya bir sutka ərzində ölümlə nəticələnən nevroloji simptomların kəskin inkişafı ilə xarakterizə olunan sindromdur. İnsult əksər hallarda bədənin sağ və ya sol yarısında – ətraflarda uyuşma, qəfil zəiflik, üzün asimmetriyası, huşun, nitqin və görmənin pozulması, başgicəllənmə ilə özünü göstərir. Diaqnoz klinik, laborator, tomoqrafik və damar müayinələrinin nəticələri əsasında qoyulur.

– Son vaxtlar işemik insult hallarının artma səbəbləri hansılardır?

– Ümumiyyətlə, insultun yaranma riskini artıran üç əsas amil – hipertoniya, yüksək xolesterin və artıq çəkidir. Ekologiyanın çirklənməsi, keyfiyyətsiz qida məhsullarının, fast fud qidalarının qəbulu, oturaq həyat tərzi, fiziki aktivliyin az olması, yüksək qan təzyiqinə fikir verməmək və müalicə olunmamaq, stres hallarının artması kimi faktorlar işemik insultun yaranma riskinə şərait yaradan əsas səbəblərdir.

– İnsultun əlamətləri hansılardır? Hansı narahatlığı hiss etdikdə həkimə müraciət etmək lazımdır?

– İnsultun əlamətlərinə bir qolda və ya ayaqda, xüsusən də bədənin yalnız bir tərəfində ani uyuşma və zəiflik, danışmaq və anlamaqda çətinlik çəkmə, bir və ya hər iki gözdə ani görmə itkisi, ani və səbəbi bilinməyən kəskin baş ağrısı, anidən yerişin pisləşməsi, başgicəllənməsi, tarazlıq və koordinasiya itkisi aiddir. Bu kimi əlamətləri hiss etdikdə dərhal həkimə müraciət olunmalıdır.

– İnsultun risk faktorları barədə nə deyə bilərsiniz?

– Yüksək qan təzyiqi, şəkərli diabet, yüksək xolesterol səviyyəsi, bilinən ürək ritm pozulması olan şəxslər risk qrupuna aiddir. Həmçinin siqaret çəkən, oturaq həyat tərzi keçirən, çəkisi çox olan, düzgün qidalanmayan və səhv yemək vərdişləri olan şəxslər də risk qrupundadırlar. Bu xəstəlik dünyada ölüm və əlilliyin əsas səbəblərindən biri olaraq qalır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada 15 milyondan çox insan insultdan əziyyət çəkir və təxminən 6 milyon nəfər bu xəstəlikdən dünyasını dəyişir. Damar xəstəlikləri ölümlərin yarıdan çoxunu təşkil edir və əgər son vaxtlar insult əsasən 55-60 yaşdan yuxarı xəstələrdə baş verirdisə, indi bu halların təxminən üçdə biri əmək qabiliyyətli yaşda, yəni 25-50 yaşlılar arasında baş verir. Həkimlərin qənaətinə görə, insult xəstəliyinə qadınlarla müqayisədə kişilərdə daha çox rast gəlinir.

– İşemik insultun müalicəsi varmı? Vaxtında müraciət etdikdə bu xəstəlikdən qurtulmaq mümkündürmü?

– İnsult təxirə salınmadan müalicə edilməsi zəruri olan xəstəliklərdəndir. Çünki beyin damarı tıxandıqda beyin toxumasında geridönülməz zədələnmələr başlayır. Təcili müalicəyə başlamadıqda bu zədələr daha da genişlənir. Tıxanmış damar böyük olduqda və müalicə müddəti uzandıqda beyin zədələnməsi daha da artır. Tıxanan damarın qısa müddətdə açılması bütün bunların qarşısını alır və beyin toxumasındakı zədənin genişlənməsinin qarşısını alır. İnsult nəticəsində beyin toxumasına dəyən zədələri nə qədər çox məhdudlaşdıra bilsək, o qədər onu tez və daha sürətli bərpa edə bilərik. Bu səbəbdən insultdan danışarkən deyə bilərik ki, təcili müalicə erkən və təxirəsalınmadan bərpa deməkdir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.