Rusiya hökumət üzvlərini daşıyan “Rusiya” xüsusi uçuş dəstəsi iki gün Vaşinqtonda olub.
Azpost.info bildirir ki, bununla bağlı Rusiya hakimiyyətinə yaxın teleqram kanalları məlumat yaymağa başlayıb.
Qeyd olunur ki, dekabrın 25-də ABŞ-a Putin administrasiyasının təyyarəsinin heyəti gəlib. Flightradar-ın məlumatlarına əsasən, təyyarə Vaşinqton və Nyu-Yorka səfər edib və bu gün Rusiyaya qayıdıb.
Rəsmi olaraq nə Moskva, nə də Vaşinqton bu səfərə münasibət bildirməyib.
“Rusiya” xüsusi uçuş dəstəsinin reysi ilə yalnız ölkənin yüksək vəzifəli şəxsləri və diplomatlar uçur.
“Rusiya” xüsusi uçuş dəstəsinin İl-96-300 təyyarəsi prezident administrasiyasının təyyarəsidir. Ondan istifadə edələrin sayı çox məhduddur.
FlightRadar xidmətinin məlumatlarına əsasən, dekabrın 25-də xüsusi reys Moskvadan Sankt-Peterburqa uçub. Dekabrın 26-da İl-96 Sankt-Peterburqdan Nyu-Yorka uçub, daha sonra qısa fasilədən sonra Vaşinqtona gedib. Dekabrın 28-də Vaşinqtondan gələn Rusiya təyyarəsi yenidən Nyu-Yorka havaya qalxıb və oradan Moskvaya istiqamət alıb.
Məlumdur ki, bu təyyarə Rusiyanın yüksək rütbəli rəhbərliyi tərəfindən rəsmi uçuşlar üçün istifadə olunur. Belə ki, Dmitri Medvedev əvvəllər onun üzərində uçub. Xarici işlər naziri Sergey Lavrov bu xüsusi təyyarədən 2023-cü ildə BMT Baş Assambleyasının sessiyasına uçmaq üçün istifadə edib. Il-96-300-ün SVR-nin rəhbəri Sergey Narışkin tərəfindən istifadə edildiyi də daha əvvəl bildirilmişdi.
Eyni zamanda Ukrayna prezidenti Zelenski sabah ABŞ-ın Ukraynaya dəstəklə bağlı qəbul etdiyi vacib qərarını açıqlayacağını bəyan edib.
Məşhur Ukraynalı telejurnalist Dmitri Qordon da müsahibəsində sensasion məlumat verib.
O deyib ki, Ukraynadakı müharibə bu il başa çatacaq. Dekabrın 30-da münaqişəyə son qoyacaq bir görüş keçiriləcək. “Burada əsas tarix 30 dekabr olacaq. Dekabrın 30-da böyük bir hadisə baş verəcək. Yalnız bunu açıqlaya bilərəm: 30-da kimsə kiminləsə görüşəcək. Bundan sonra çox maraqlı zaman başlanacaq” – deyə Qordon bildirib.