“Ölkədə blogerlər üçün “qızıl dövr” bitdi…” –EKSPERT RƏYİ

Hökumət sosial mediada reklam fəaliyyətini nəzarətə götürdü: bəzi blogerlər üçün qızıl dövr bitdi.
Blogerlərin bazar payı nə qədərdir, yeni qanunun tətbiqində blogerlər və sosial media üçün risklər varmı?
Reklam haqqında qanuna dəyişikliklər təsdiqlənib. Artıq sosial mediada reklamla məşğul olan influenserlər və blogerlər – rəqəmsal platforma təsirçiləri (RPT) üçün yeni tələblər müəyyən edilib.
Bloger mütləq reklam paylaşımında açıq şəkildə “reklam” və ya “sponsorluq” sözünü qeyd etməli, VÖEN-lə fəaliyyət göstərməli, istifadə etmədiyi məhsulu istifadə etdiyi kimi açıqlamamalı, sifarişçi haqqında bilgilər verməli və lisenziya tələb edən məhsulların reklamı üçün müvafiq sənədləri paylaşmalıdır və s.
Blogerlər çoxdurmu, nə qədər qazanırdılar, bu bazarın həcmi nə qədərdir?
Azərbaycanda əsasən Meta (İnstagram, Facebook və s) və Google (Youtube və s.) rəqəmsal reklam bazarında üstünlük təşkil edir. Son dövrlərdə TikTok –da bu bazardan xeyli pay qopardır.
Azərbaycanda bu sektorda, məhz bu tip reklam bazarının payı ildə təxminən 10 milyon manat civarındadır.
Sosialda az sayda bloger var ki bu fəaliyyətdən aylıq 50 min manatdann yuxarı dövriyyəsi ola bilər.
Ümumiyyətlə isə, qiymətlər təxminən bir paylaşım üçün 50 manatdan başlamaqla, bir kompaniya üçün ortalama 500-1500 manat olmaqla, hətta 10-15 min manat da alan blogerlər var.
Əksəriyyət isə elə də böyük pullar qazanmırlar.
Yeri gəlmişkən, həmin bu 10 milyon əvvəllər TV-lərə çatırdı. İndi rəqəmsal bazar bunu TV-lərin əlindən alıb Bu rəqəm getdikcə artacaq.
Baxmayaraq ki, bir neçə gün öncə indiyədək bir dəfə də olsun auditi keçirilməyən, hesabatlılığı olmayan TV-lərin reytinqini ölçən “Marsa Azərbaycan” media üçün reallığı əks etdirməyən başqa data açıqlayıb. Bu isə, başqa bir müzakirə mövzusudur.
Blogerlik və infuenserlik cəmiyyətə nə verir ?
Bəzən bu sahədə çalışanlara qarşı mənfi münasibətin çox olması görsənir.  Bu fəaliyyətlə məşğul olanların hamısına mənfi münasibət bəsləmək , tənqid hədəfinə çevirmək doğru olamzdı.
İnfluenserlərin və bloqqerlərin paylaşımları cəmiyyətin informasiya qəbuluna, davranış modellərinə və ictimai rəyə birbaşa təsir edir. Onlar təkcə reklam deyil, həm də maarifləndirmə, sosial məsuliyyət və ictimai diskussiyaların formalaşmasında mühüm rol oynayırlar.
Bu dəyişikliklər reklam bazarına, sosial medianın inkişafına necə təsir edəcək?
Düşünürəm ki, ümumiyyətlə bu bazarın tənzimlənməsi üçün şərait çoxdan yetişmişdi. Bu bazarda VÖEN-lə fəaliyyət göstərən məsuliyyətli blogerlərlə yanaşı, xeyli sayda qeyri-peşəkarlar, sui-istifadəçilər, nəyisə necə gəldi reklam edənlər, xeyli qazansalar da heç bir vergi ödəməyənlər də vardı.
Bu dəyişikliklər reklam bazarının peşəkarlaşması, vergi mədəniyyətinin formalaşması, istehlakçıların aldadılmasının qarşısının alınması və şəffaflığın təmin olunması baxımından müsbət addımdır.
Sifarişçilər üçün də daha etibarlı əməkdaşlıq mühiti yaranacaq, kontent keyfiyyəti artacaq, sosial mediada izləyici etimadı güclənəcək.
Amma risklər də var.
Qanunun tətbiqində yol verilən aşırı addımlar kiçik və yeni bloger və influenserlər üçün çətinlik yarada bilər, yenicə auditoriya toplayan gənclər üçün tormozlayıcı faktora çevrilə bilər.
Sosial medianın özünün inkişafı ilə bağlı problemlər yarana bilər. Yəni sosial media məhz müxtəlif fikirliyə , rəngarəngliyə , hər bir istifadəçinin yaratdığı kontentin fərqliliyinə görə maraqlıdır.
Əgər yalnız yeknəsəng, yalnız kommersiya məqsədli paylaşımlar üstünlük təşkil edərsə bu sektorun inkişafına da mənfi təsirlər olacaq.
Bu qanunun icrasında əsas məqam ictimai nəzarətlə, ictimai iştirakçılıqla bağlı olacaq. İctimai nəzarət addımlarının isə nifrət zəmininə çevrilməməsi üçün maarifləndirmə, cəmiyyətin inkişafı, ictimai maraqlar inkişaf etdirilməlidir.
Qanunun tətbiqi şəffaf, balanslı və maarifləndirici olmasa, gənclərdə bu sahəyə marağın azalmasına, yaradıcı azadlığın zədələnməsinə, nəzarətdə olan reklam sektorunun zəifləməsinə, gizli və xaricdən olan reklamın üstünlük qazanmasına gətirib çıxara bilər.
Osman Gündüz
Azərbaycan İnternet Forumunun prezidenti

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.