Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) bildirib ki, Çinli elektrikli avtomobil istehsalçılarının bazar payının artması ilə “Tesla” şirkətinin Avropa İttifaqında (Aİ) avtomobil satışları aprel ayında yarıdan çox azalıb.
Valyuta.az xəbər verir ki, Aİ-yə üzv 27 ölkədə elektrikli avtomobillərin satışında ümumi artım müşahidə olunsa da, İlon Maskın ABŞ Prezidenti Donald Tramp ilə əlaqələri və “Tesla”nın məhsul çeşidinin artıq köhnəlməsi fonunda şirkətin Aİ-dəki satışları ciddi şəkildə geriləyib.
AFP-nin xəbərinə görə, ACEA-nın məlumatında “Tesla”nın aprel ayındakı satışlarının ötən ilin eyni dövrü ilə müqayisədə 52,6% azalaraq 5 475 ədədə düşdüyü bildirilib.
Şirkətin 2025-ci ilin ilk dörd ayı ərzindəki satışları isə keçən ilin eyni dövrü ilə müqayisədə 46,1% azalaraq 41 677 avtomobilə enib.
“JATO Dynamics” analitiklərinin fikrincə, bir zamanlar elektrikli avtomobil satışında lider olan “Tesla”, aprel ayında “Volkswagen”, “BMW”, “Renault” və Çin istehsalçısı “BYD” daxil olmaqla ondan çox rəqibinə uduzub.
Aprel ayında “Tesla” qlobal satışlarının birinci rübdə 13% azaldığını açıqlamışdı. Bu isə Mask üzərindəki təzyiqləri daha da artırıb.
İlon Mask ötən həftə Trampın ABŞ hökumət xərclərini azaltmaq təşəbbüsünə dəstəyini azaldacağını və “Tesla” satışlarının “yaxşı getdiyini” açıqlayıb.