Builki bayram AMEA Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən Qazılar Şurasının fətvasında qeyd olunduğu kimi, hicri-qəməri təqvimlə zilhiccə ayının 10-na, miladi tarixlə 6 iyun tarixinə təsadüf edir.
AzPost bildirir ki, bu barədə Şeyxülislam Allahşükür Paşazadə bayram təbrikində bildirib.
“İslam aləminin ən əziz və müqəddəs günü, Uca Yaradana ibadətin və İlahi Lütfün təcəllisi olan mübarək Qurban bayramı münasibətilə sizi ürəkdən təbrik edir, hamınıza Allah-taaladan səadət və rifah, xeyirli və uğurlu ömür arzulayıram. Allaha şükürlər olsun ki, bu əziz bayramı dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması, qəhrəman Azərbaycan əsgərinin Xankəndidə, Əsgəranda, Xocalıda dövlətimizin üçrəngli bayrağını ucaltması, Şuşa, Ağdam, Zəngilan məscidlərinin minarələrindən azanların səslənməsi ilə qarşılayırıq”.
Şeyxülislam bildirib ki, müstəqillik tariximizdə ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş ölkəmizdə Böyük Qayıdışın ruh yüksəkliyi yaşanır, məbədlərimiz bərpa və inşa edilir, ata-baba yurdlarına qayıdanlar bu torpaqlara yeni nəfəs, yeni həyat verir: “Bu mübarək günləri bizə, bütün xalqımıza yaşatdığı üçün Uca Yaradana sonsuz həmd-sənalar edir, Qələbənin müəllifi və sərkərdəsi, Azərbaycan xalqının böyük oğlu, adı tarixin qızıl səhifəsinə Qarabağ Fatehi kimi yazılan Zati-aliləri Ali Baş komandan İlham Əliyev cənablarına xeyir-dualar diləyirik! Ulu Öndər Heydər Əliyevin siyasi məktəbini şərəflə davam etdirən Prezident İlham Əliyevin misilsiz uğurlarına görə biz Azərbaycan dövlətinin gələcəyinə böyük inam və ümidlə baxırıq və inanırıq ki, Allahın köməyi ilə xalqımız öz müzəffər lideri ilə birlikdə daha böyük zəfərlərə imza atacaqdır, inşallah”.
Şəri hökmlərə əsasən, 3 gün ərzində icra oluna bilən Qurban kəsimi həcc ziyarəti zamanı mütləq vacib əməldır, həcc xaricində olan müsəlmanların qurban kəsib ehtiyacı olanlara paylamaq niyyəti isə müstəhəb və savabdır. Həmrəylik, yardımlaşma və mənəvi təmizlənmə rəmzi olan bu müqəddəs gündə Vətən uğrunda şəhid olan qəhrəman övladlarımızı rəhmət dualarıyla yad etmək, qazilərimizə, yaralılarımıza Allah-təaladan şəfaət və səadət diləmək, yaşlılara və imkansızlara şəfqət göstərmək bizim vəfa borcumuzdur.
Qurban bayramı namazları ölkəmizin bütün mərkəzi məscidlərində qeyd ediləcək, o cümlədən paytaxt Bakının Əjdərbəy məscidində bayram namazı saat 08.00-də, Təzəpir məscidində 09.00-da qılınacaq.
Qurban bayramımız mübarək olsun!