Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmağa görə polis tərəfindən saxlanılan 3 Səudiyyə Ərəbistanı vətəndaşının (Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammad) cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
AzPost APA -ya istinadən xəbər verir ki, bu gün Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məlum olub ki, Alghabr Mohammad Hussain Səudiyyə Ərəbistan Krallığının Daxili İşlər Nazirliyində təhqiqatçı olaraq çalışıb, Alghabr Mahdi Mohammad özəl şirkətdə operator olub, Alzaman Mahdi Ali isə çalışdığı özəl şirkət tərəfindən Səudiyyə Ərəbistan Krallığında DİN-ə mühafizəçi göndərilib.
Onlar məhkəməyə müraciət ünvanlayaraq, olduqları yerin önəmini anlamadıqlarını, öz ölkələrində xiyabanın başqa tərzdə olduğunu söyləyiblər. İttiham edilən şəxslər etdikləri hərəkətə görə Azərbaycan xalqından, şəhid ailələrindən və qazilərdən üzr istəyiblər.
Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.