Robot texnologiyalarının inkişafı sahəsində Rusiyada maraqlı yenilik əldə olunub.
AzPost xəbər verir ki, Rusiyanın Lobaçevski adına Nijni Novqorod Dövlət Universitetinin alimləri robotlara nəzarəti daha effektiv və təhlükəsiz şəkildə həyata keçirməyə imkan verən eksperimental sistem hazırlayıblar.
Yeni texnologiyanın əsas üstünlüyü ondan ibarətdir ki, robotların idarə olunması üçün cərrahi müdaxiləyə və ya insan beyninə neyron qurğuların implantasiyasına ehtiyac qalmır. İdarəetmə prosesi insan beyninin elektrik aktivliyinin qeydə alınması və alınan siqnalların xüsusi çip üzərindən emalı yolu ilə həyata keçirilir. Bu məqsədlə memristor texnologiyasından istifadə olunur.
Alimlər bildirirlər ki, sistem elektroensefaloqramma (EEQ) şlemi vasitəsilə işləyir. Operator müəyyən hərəkətləri zehində canlandırır və bu zaman yaranan beyin siqnalları simsiz əlaqə ilə memristorlu çipə ötürülür. Burada siqnallar emal edildikdən sonra robotun idarəetmə sisteminə ötürülür və uyğun əmrlər icra olunur.
Məqalədə robotların tətbiq sahələrinin olduqca geniş olduğu vurğulanır. Söhbət sənaye manipulyatorlarından, Ay səthində hərəkət edə bilən texnikadan, humanoid robotlardan və çatdırılma xidmətlərində istifadə olunan robotlardan gedir. İstehsalat mühitində bu qurğular əvvəlcədən proqramlaşdırılmış tapşırıqlar əsasında qaynaq, montaj və yükdaşıma işlərini yerinə yetirir.
Qeyd olunur ki, müasir robotlar sensorlar vasitəsilə obyektləri analiz edə, onları müəyyən meyarlar üzrə ayırd edə və qərar qəbul edə bilirlər. Daha mürəkkəb sistemlərdə isə operatorun birbaşa nəzarəti də mümkündür. Bu zaman insan robotun istiqamətini və hərəkətlərini müəyyən edir.
Xüsusi olaraq Boston Dynamics şirkətinin robotları və Rusiyanın FEDOR adlı humanoid robotu nümunə göstərilir. Bu robotlar maşın öyrənməsi, sensorlar və videokameralar sayəsində minimal insan müdaxiləsi ilə hərəkət edə bilirlər. FEDOR bəzi tapşırıqları müstəqil icra etməklə yanaşı, ekzoskelet vasitəsilə insan hərəkətlərini də dəqiqliklə təkrarlaya bilir.
NNDU alimlərinin təklif etdiyi neyroidarəetmə metodu isə alternativ yanaşma kimi qiymətləndirilir. Sistem həm operatorun, həm də robotun memristor modulu ilə təchiz olunmasını tələb edir. Tədqiqatçılar hesab edirlər ki, bu texnologiya gələcəkdə robotlarla insan arasında qarşılıqlı əlaqəni daha sürətli, dəqiq və təhlükəsiz edəcək.