Yaponiya 1 milyondan çox xarici işçi qəbul edəcək

Yaponiyada işçi qüvvəsi çatışmazlığının aradan qaldırılması məqsədilə genişmiqyaslı plan hazırlanıb.

AzPost xəbər verir ki, Yaponiya hökuməti 2029-cu ilin mart ayınadək ölkəyə 1 milyon 231 min 900-dən çox xarici işçi qəbul etməyi planlaşdırır.
Yaponiyanın dövlət televiziya kanalı NHK-nin məlumatına görə, hökumət bu istiqamətdə hazırlanan planın ilkin layihəsini artıq təqdim edib. Sənəddə əsas məqsəd ölkədə artan işçi çatışmazlığını aradan qaldırmaq və iqtisadi sahələrdə məhsuldarlığı yüksəltməkdir.

Planın birinci mərhələsində Yaponiyaya 19 müxtəlif sahə üzrə 805 min 700 ixtisaslı işçinin cəlb olunması nəzərdə tutulur. Xarici işçilərin əsasən qida məhsullarının istehsalı, sənaye istehsalı və texniki xidmət sahələrində çalışdırılması planlaşdırılır.

İkinci mərhələdə isə daha fərqli yanaşma tətbiq ediləcək. Bu mərhələdə Yaponiyada tikinti, sənaye istehsalı və qida sektoru üzrə fəaliyyət göstərəcək şəxslər üç il ərzində xüsusi hazırlıq və təlim prosesindən keçəcəklər. Nəticədə 17 sahə üzrə ümumilikdə 426 min 200 nəfərin ixtisaslı kadr səviyyəsinə çatdırılaraq işlə təmin edilməsi nəzərdə tutulur.
Hökumət rəsmiləri bildirirlər ki, bu addım həm əmək bazarındakı boşluqları dolduracaq, həm də uzunmüddətli perspektivdə iqtisadi sabitliyə və səmərəliliyin artmasına töhfə verəcək.

Məlumata görə, Yaponiya hökumətinin bu planı yanvar ayında Nazirlər Kabinetinin təsdiqinə təqdim etməsi gözlənilir. Qərarın qəbul olunacağı təqdirdə, ölkənin miqrasiya və əmək bazarında ciddi dəyişikliklərin baş verəcəyi proqnozlaşdırılır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.