2025-ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

Başa çatmaqda olan 2025-ci il Qafqaz Müsəlmanları İdarəsi  və onun sədri Şeyxülislam Allahşükür Paşazadə üçün regional və beynəlxalq səviyyədə aktivlik ilə yadda qaldı.

Dünyada geosiyasi gərginliklərin yüksəldiyi, dinlərarası münasibətlərin yeni mərhələyə keçdiyi bir dövrdə QMİ-nin fəaliyyəti həm Azərbaycan dövlətinin maraqlarına, mənəvi gücünə və xarici siyasətinə uyğun şəkildə formalaşdı.

Yanvarın əvvəlində Şeyxülislam və Milli Məclisin deputat qrupu Səudiyyə Ərəbistanına səfərə gedib.

Səudiyyə Ərəbistanının Şura Məclisinin sədri Şeyx Məhəmməd bin Abdulla əl Aş-Şeyxin dəvəti ilə baş tutan səfərdə QMİ sədri A. Paşazadə və nümayəndə heyətinin üzvləri yanvarın 8-də İslam Əməkdaşlıq Təşkilatının Ciddə şəhərində yerləşən mənzil-qərargahında qurumun Baş katibi Hüsseyin Brahim Taha ilə görüşüblər.

Görüşdə Şeyxülislam A.Paşazadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını İƏT Baş katibinə çatdırıb. Səmimi qəbula görə təşəkkürünü bildirən Şeyxulislam A.Paşazadə Azərbaycan Respublikasının 1991-ci ildə – hələ  Sovet İttifaqı dağılmamışdan əvvəl İƏT-in üzvü olduğunu diqqətə çatdıraraq bildirib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu bu əlaqələr daim inkişaf edib və bundan sonra da yüksələn xətlə davam edəcəkdir.

Yanvarın 18-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş toplantı keçirilib.

Toplantıda çıxış edən QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə 20 Yanvar hadisələrini Azərbaycan xalqının mənəvi ucalıq və dəyanət günü kimi dəyərləndirib. Qeyd edib ki, keçmiş sovet ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaq.

Yanvarın 20-də Şeyxülislam Allahşükür Paşazadənin başçılığı ilə ölkəmizdəki dini konfessiyaların rəhbərləri, din xadimləri Bakıdakı Şəhidlər Xiyabanını ziyarət ediblər.

Fevralın 14-də Şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə səfərdə olan Amerika Birləşmiş Ştatlarının Stirling Fondunun İcraçı direktoru Edvard Rounu qəbul edib.

Fevralın 19-da Şeyxülislam Allahşükür Paşazadə Bəhreyn Kralı Həməd bin İsa Əl Xəlifənin himayədarlığı ilə paytaxt Manamada “Bir ümmət, bir tale” şüarı altında İslamdaxili Dialoq Konfransında iştirak edib.

QMİ sədri, Müsəlman Ağsaqqalları Şurasının üzvü Allahşükür Paşazadə Bəhreyn Kralı Əlahəzrət Həməd bin İsa Əl Xəlifə ilə konfrans şərəfinə qəbul mərasimində görüşüb. O, görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını Krala çatdırıb.

26 Fevral tarixində Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Şeyxülislam Allahşükür Paşazadə və Azərbaycandakı dini konfessiyaların rəhbərləri faciə qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər.

Martın 5-də Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə nümayəndə heyəti  Belçika Krallığına səfərə yola düşüb.

Nümayndə heyəti Belçika Kralı Filip Əlahəzrətlərinin ali himayəsi ilə və Avropa İnkişaf və Araşdırmalar Akademiyasl (EDARA), İSESKO, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə Belçika və Avropada 2025 İslam Dünyası İli çərçivəsində tədbirlərdə iştirak ediblər.

QMİ sədri bu səfər çərçivəsində 6 mart tarixində Avropa Parlamentində Yüksək Səviyyəli Dəyirmi Masa və 7 mart tarixində “Multikulturalizm modelləri – Münasibətlərin qurulması və sülh şəraitində birgəyaşayış modelləri haqqında düşüncələr” mövzusunda Avropa Konfransında  və BMT-nin Brüsseldəki Qadınlar Ofisində görüşlərdə iştirak edib.

Şeyxülislam A. Paşazadə Avropa Konfransında  çıxış edib. Tədbir iştirakçılarının şərəfinə Belçika Kralının adından iftar süfrəsi təşkil edilib. Şeyxülislam və nümayəndə heyəti Belçikada iftar süfrəsində iştirak edib.

 

 

Martın 11-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə səfərdə olan ABŞ-ın “İsa Məsih Son Günlərin Müqəddəsləri Kilsəsi” rəhbərliyinin nümayəndəsi, Ağsaqqal Cak Cerardı və kilsənin Mərkəzi Avropa nümayəndəsi Pol Pikardı qəbul edib.

Martın 12-də Şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə səfərdə olan BMT Baş katibinin müavini, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosu qəbul edib.

Martın 14-də QMİ sədri Belarus Respublikasının Azərbaycan Respublikasındakı yeni təyin olunmuş Fövqəladə və Səlahiyyətli səfiri Dmitri Pineviçi qəbul edib.

Martın 20-də Şeyxülislam Allahşükür Paşazadə öz iqamətgahında müqəddəs Ramazan ayı ilə əlaqədar iftar süfrəsi açıb.

Martın 26-da A.Paşazadə Müsəlman Ağsaqqalları Şurasının təsis olunmasının 11-ci və Əl-Əzhər Şeyxi olmasının 15-ci ildönümü münasibətilə Əl-Əzhər Əş-Şərifin Böyük İmamı, Şeyx Əhməd Ət-Tayyibi təbrik edib.

Martın 27-də Özbəkistan prezidenti Şavkat Mirziyoyev Şeyxülislam Allahşükür Paşazadəni müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib. Prezident qardaş ölkələrimiz arasında yaxın dostluq, strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrini hərtərəfli möhkəmləndirmək istiqamətindəki böyük xidmətlərini qeyd edib.

Aprelin 15-də QMİ sədri İspaniya Krallığının Azərbaycandakı müvəqqəti işlər vəkili Xose Pedro Torrubianı qəbul edib.

Aprelin 23-də Şeyxülislam Roma Papası üçün açılmış başsağlığı kitabını imzalayıb. Allahşükür Paşazadə bu gün Müqəddəs Məryəm Ana Kilsəsinə gedərək Roma Papasının vəfatı ilə bağlı başsağlığı verib.

Aprelin 24-də Şeyxülislam Allahşükür Paşazadə İspaniya Krallığına səfər edib. QMİ sədri BMT Baş Katibinin müavini, BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anxel Moratinosun dəvəti ilə “BMT Sivilizasiyalar Alyansı” və “Dinlər Sülh Uğrunda” təşkilatlarının “Sülh, Müharibələrə son qoymaq və Beynəlxalq Hüquqa Hörmət üçün Çağırış” adlı birgə təşəbbüsünün ilk tədbirində iştirak edib. Şeyxülislam BMT-nin İspaniyada keçirilən tədbirində çıxış edib.

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian aprelin 28-də Bibiheybət məscidini ziyarət edib. Ali qonağı Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov müşaiyət edib.

Mayın 4-də  Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Azərbaycana səfəri çərçivəsində mayın 4-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxulislam Hacı Allahşükür Paşazadə ilə görüşüb.

Mayın 7-də Şeyxülislam Allahşükür Paşazadə Türkiyə Cümhuriyyətinə səfərə yola düşüb. QMİ sədri A. Paşazadə 7-8 may tarixlərində İstanbulda keçirilmiş 28-ci Avrasiya İqtisadi Zirvəsində iştirak edib.

22 may tarixində Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının İrəvan qazısının fəaliyyətinin bərpa olunması ilə bağlı iclası keçirilib.

 

Mayın 27-də Şeyxülislam Allahşükür Paşazadənin Bakıda keçirilən “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfransın iştirakçıları ilə görüşü olub.

İyunun 6-da  Şeyxülislam Qurban bayramı münasibəti ilə azərbaycanlıları təbrik edib.

İyunun 11-də  Şeyxülislam Ümumdünya Kilsələr Şurasının Baş katibi Jerry Pilleyə etiraz məktubu göndərib. QMİ sədri məktubunda qeyd edib ki, sərhədimizə qədər gələrək oradan torpaqlarımıza binoklla boylanmağı özünə rəva bilən cənabınızın erməni tərəfinin bilavasitə təsiri altında verdiyi açıqlamaları qeyri-obyektivliyi və qərəzliliyi ilə Azərbaycan xalqının haqlı narazılığına səbəb olub.

QMİ sədri Ümumdünya Kilsələr Şurasının (ÜKŞ) real vəziyyətlə tanış olmaq məqsədilə Azərbaycana öz nümayəndələrini göndərməyi təklif edib.

İyulun 5-də Qafqaz Müsəlmanları İdarəsində qurumun təşkilatçılığı, Respublika Qan Bankının dəstəyi ilə Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilib. Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə başda olmaqla, idarə əməkdaşları, Milli Məclisin deputatları və ölkəmizdəki dini konfessiyaların nümayəndələri iştirak ediblər.

 

İyulun 16-da Şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə səfərdə olan Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla görüşüb.

Şeyxülislam qonağın Azərbaycana səfərindən məmnunluğunu ifadə edib. O, Ümummilli Lider Heydər Əliyevin türkdilli dövlətlər arasında əməkdaşlığa verdiyi xüsusi önəmi xatırladaraq, bu strateji xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.

Allahşükür Paşazadə Türkmənistanın müftisi ilə əvvəlki görüşünü xatırladıb. O, hər iki ölkənin dövlət başçılarının rəhbərliyi ilə Azərbaycan–Türkmənistan münasibətlərinin, o cümlədən dini-mənəvi sahədə əməkdaşlığın daha da genişləndiyini vurğulayıb.

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov çıxışında Prezident İlham Əliyevlə keçirdiyi görüşdən məmnunluğunu ifadə edib. Qurbanqulu Berdiməhəmmədov Azərbaycan ilə Türkmənistan arasında mövcud dini və mənəvi bağlılığın xalqlarımızın dostluq münasibətlərini daha da möhkəmləndirdiyini vurğulayıb, bu görüşün əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyinə əminliyini bildirib.

İyulun 17-də QMİ sədri Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli ilə görüşüb.

İyulun 24-də Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistanın Azərbaycandakı səfirliyini ziyarət edib.

QMİ sədri Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin doğum günü münasibətilə ona ünvanlandığı təbrik məktubunu səfir B.Aşrafxanova təqdim edib.

Şeyxülislam Allahşükür Paşazadə avqustun 10-da G20 Dinlərarası Forumunda iştirak etmək üçün Cənubi Afrika Respublikasının paytaxtı Keyptaun şəhərinə yola düşüb. Avqustun 10-dan 14-dək Keyptaunda keçiriləcək G20 Dinlərarası Forumunun builki mövzusu “İman fəaliyyətdə” olub.

Forum çərçivəsində təşkil oluna açılış plenar iclasında şeyxülislam Allahşükür Paşazadə çıxış edib. O, həmçinin müxtəlif mədəni proqramlara qatılıb, tədbir iştirakçıları və rəsmi şəxslərlə görüşlər keçirib.

Keyptaunda G20 Sammiti ərəfəsində keçirilən Dinlərarası Forumda iştirak edən QMİ sədri afqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə açılış plenar iclasında iştirak və çıxış edib. Forum çərçivəsində Şeyxülislam A. Paşazadə bir sıra görüşlər keçirib.

Şeyxülislam A. Paşazadə Doha Beynəlxalq Dinlərarası Dialoq Mərkəzinin İdarə Heyətinin sədri dr.İbrahim Salih əl-Nəimi, BMT Baş Katibinin sabiq müavini, Soyqırımlarla Mübarizə üzrə Ali Komissar olmuş, hazırda Müsəlman Ağsaqqalları Şurası (MAŞ) Baş Katibinin müşaviri Adama Dienq və MAŞ Baş Katibinin məsləhətçisi Məhəmməd Bəhri, Forumda iştirak edən Özbəkistan nümayəndə heyəti, ABŞ Dövlət Departamentinin Dini Azadlıqlar Komissiyasının komissarı cənab Məhəmməd Elsanusi ilə görüşüb

Şeyxülislam Allahşükür Paşazadə avqustun 25-də İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu ilə görüşüb. Görüşdə Azərbaycan və İran arasında bütün sahələrdə, o cümlədən dini-mənəvi müstəvidə tarixi, ənənəvi əlaqələrin möhkəmlənməsinin vacibliyinə toxunulub.

 

Sentyabrın 10-da QMİ sədri Qırğızıstana səfər edib.A.Paşazadə sentyabrın 11-də Bişkek şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə Rəhbərləri Şurasının (TDT MDRİŞ) növbəti toplantısında iştirak və çıxış edib.

Şeyxülislam Allahşükür Paşazadə sentyabrın 15-də Qazaxıstan Respublikasına səfərə yola düşüb. QMİ sədri sentyabrın 16-da BMT Sivilizasiyalar Alyansı və Astana Qurultayının dini məkanların qorunmasına həsr olunmuş birgə iclasında iştirak və məruzə ilə çıxış edib.

Sentyabrın 17-də QMİ sədri Dünya və ənənəvi Dinlərin VIII Astana Qurultayında iştirak və çıxış edib. Sentyabrın 18-də isə Gənc Dini Liderlərin Forumunda çıxış edərk gənclərə xitab edərək xeyir-dua verib.

Daha sonra Şeyxülislam BMT-nin Sivilizasiyalar Alyansının xüsusi sessiyasında çıxış edib.

Sentyabrın 17 Sentyabrda Qazaxıstan Senatının sədri Maulen Aşımbayev Şeyxülislam Allahşükür Paşazadəni qəbul edib.

M.Aşımbayev Azərbaycanla Ermənistan arasında Vəşinqtonda imzalanan bəyanat münasibətilə təbrik edib və bunu Azərbaycan dövlətinin tarixi uğuru və nailiyyəti adlandırıb.

Sentyabrın 24-də 24 Qafqaz Müsəlmanları İdarəsi və Azərbaycandakı Dini Konfessiyalarının Anım Gününün 5-ci ildönümünə həsr edilən 5-ci iclası keçirilib. Azərbaycandakı dini konfessiyaların birgə bəyanatı qəbul edilib.

Sentyabrın 30-da ABŞ-nin Müvəqqəti İşlər vəkili Emi Karlon QMİ sədri Allahşükür Paşazadə və Azərbaycanda fəaliyyət göstərən ənənəvi dini konfessiyaları təmsil edən QMİ Məşvərət Şurasının üzvləri ilə görüşüb.

 

Oktyabr ayında Şeyxülislam Allahşükür Paşazadə ABŞ-da səfərdə olub.

İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin icması və Stirlinq Fondunun dəvəti ilə Yuta ştatında səfərdə olan QMİ sədri oktyabrın 2-də Solt-Leyk-Siti şəhərində prezident Dallin Oks başda olmaqla, İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin rəhbərliyi ilə görüşüb.

Oktyabrın 3-də Yuta ştatına səfər çərçivəsində QMİ sədri Solt-Leyk-Siti şəhərində G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti Kol Durham ilə görüşüb.

Oktyabrın 4-də Şeyxülislam Solt-Leyk-Siti şəhərində İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Ümumdünya Qurultayında iştirak edib. QMİ sədri A. Paşazadənin Konfransa Müraciəti yayılıb.

Oktyabrın 12-də QMİ sədri ABŞ-a səfəri çərçivəsində ABŞ-da və dünyada ən nüfuzlu yəhudi din xadimlərindən biri olan Ravvin Artur Şnayerlə Nyu-York Park East sinaqoq kompleksində görüşüb.

ABŞ səfəri zaman QMİ sədri Vaşinqtonda, Ağ Evdə ABŞ vitse-prezidenti ofisinin Milli təhlükəsizlik məsələləri üzrə xüsusi müşaviri Endryu Lumis, Vitse-Prezident Aparatının strateji məsələlər üzrə xüsusi müşaviri Maykl İmbrenda və Dövlət Departamentinin Siyasət Planlaşdırma Şöbəsinin üzvü Conatan Askonas ilə görüşü olub.

Şeyxülislam səfər çərçivəsində BMT Baş katibi Antonio Quterreş tərəfindən təşkilatın Baş Qərargahında qəbul olunub.

Şeyxülislam A.Paşazadə Antonio Quterreşin BMT Baş katibi vəzifəsində olduğu 9 ilə yaxın müddət ərzində BMT Baş Qərargahında qəbul etdiyi ilk dini lider olub. QMİ sədri bu yaxınlarda ABŞ prezidentinin rəhbərliyi ilə Ağ Evdə Ermənistan-Azərbaycan sülh protokolunun imzalanması münasibətilə öz dərin məmnuniyyətini bildirib, sülhün bərqərar olmasında BMT Baş Katibinin səylərinin olduqca təsirli olduğunu qeyd edərək buna görə A.Quterreşə Azərbaycan dindarları adından və öz adından təşəkkürünü ifadə edib.

Oktyabrın 27-də QMİ sədri Vatikana səfər edib. Səfər Roma Katolik Kilsəsinin digər dinlərlə əlaqələrinin bünövrəsini formalaşdıran II Vatikan Şurasının əsas sənədi olan Nostra Aetatın 60-cı ildönümü münasibətilə təntənəli tədbirlərə dəvət əsasında baş tutub.

Şeyxülislam A.Paşazadə oktyabr ayının 28-də Dinlərarası Dialoq Dikasteriyası Xristian Birliyinin Təşviqi Dikasteriyası ilə birgə Nostra Aetate sənədini təqdir etmək, eləcə də sülh və barışıq, dinlərarası dialoqun zəruri əhəmiyyətini bir daha təsdiqləmək üçün nəzərdə tutulmuş silsilə tədbirlərdə iştirak edib.

Oktyabrın 29-da Şeyxülislam Kolizeyin yaxınlığındakı “Zəfər tağı”nın qarşısında keçirilən Roma Papasının və dünyanın müxtəlif ölkələrindən dini liderlərin qatıldığı beynəlxalq tədbirdə fəxri qonaq qismində iştirak edib.

Səfər çərçivəsində QMİ sədri Vatikanda kardinallarla görüşüb.

Şeyxülislam Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad və Şərq Kilsələri üzrə Dikasteriyanın prefekti kardinal Klaudio Qucerotti ilə görüşündə Azərbaycan ilə Vatikan arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub.

QMİ sədri  Vatikana səfəri çərçivəsində Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo ilə görüşüb. Görüş Müqəddəs Pyotr Meydanında keçirilən ümumi audiensiyadan sonra baş tutub. Şeyxülislam Allahşükür Paşazadə Roma Papasına Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın salamlarını çatdırıb, Heydər Əliyev Fondunun son illər ərzində Vatikandakı fəaliyyətinin əhəmiyyətini vurğulayıb, ölkəmizdə ikinci Katolik Kilsəsinin inşası barədə məlumat verib.

Noyabrın 1-də Şeyxülislam Allahşükür Paşazadə Vatikana səfəri çərçivəsində AZƏRTAC-a müsahibə verib.

Noyabrın 4-də Şeyxülislam Zəfər Günü ilə bağlı şəhid ailələrinin üzvləri və qazilərlə görüşüb. “Bu qələbənin hər bir nailiyyəti sizin zəhmətiniz sayəsindədir. Biz şəhidlərimizə və qazilərimizə borcluyuq, onları heç vaxt yaddan çıxarmamalıyıq. Siz bizim canlı qəhrəmanımızsınız”, – şeyxülislam vurğulayıb.

Noyabrın 4-də Azərbaycanda dini icma rəhbərləri Zəfər Günü ilə bağlı Bəyanat yayıb.

Noyabrın 20-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə səfərdə olan Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi qəbul edib.

Dekabrın 4-də Şeyxülislam Allahşükür Paşazadə ABŞ Etnik Anlaşma Fondunun prezidenti və təsisçisi Mark Şnayeri və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Səudiyyə Ərəbistanı Krallığında səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə 14-15 dekabr tarixlərində Krallığın paytaxtı Ər-Riyad şəhərində keçirilən BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda iştirak edib.

XI Forumunun rəsmi açılış mərasimində Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Şahzadə Faysal bin Fərhan Al Səud, Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Antonio Quterres, BMT Baş Katibinin müavini – UNAOC üzrə Ali Nümayəndə və Birləşmiş Millətlər Təşkilatının İslamofobiya ilə Mübarizə üzrə Xüsusi Elçisi Migel Anhel Moratinos, İspaniyanın İnklüzivlik, Sosial Müdafiə və Miqrasiya Naziri xanım Elma Saiz Delqado, Türkiyə Böyük Millət Məclisinin keçmiş sədri, sabiq baş nazir Binəli Yıldırım, İspaniyanın sabiq Baş Naziri Xose Luis Rodriges Zapatero, Müsəlman Dünyası Liqasının Baş Katibi Şeyx dr. Məhəmməd bin Əbdülkərim Əl-İssa çıxış edibilər.

Şeyxülislam A. Paşazadə İordaniya şahzadəsi Rim Alinin moderatorluq etdiyi “Bəşəriyyətə İnam: Dinlərarası Dialoq Sülh və Bir Bəşəriyyət yoluna aparan körpüdür” adlı plenar sessiyada çıxış edib.

Dekabrın 19-da Şeyxülislam Allahşükür Paşazadə G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti Kol Dürhamla videokonfrans formatında görüşüb.

Dekabrın 19-da Şeyxülislam Allahşükür Paşazadə İraqın Azərbaycandakı Müvəqqəti İşlər vəkili Əli Xəlil Mustafanı qəbul edib.

2025-ci ildə  QMİ-nin və Allahşükür Paşazadənin görüşlərinin, səfərlrinin əsas hədəfləri sırasında beynəlxalq platformada Azərbaycan həqiqətlərinin təbliği, dünyanın dini mərkəzləri ilə əlaqələrin gücləndirilməsi, Azərbaycan–Ermənistan sülh prosesinə mənəvi dəstək missiyası, Türk və Orta Asiya ölkələri ilə inteqrasiya layihələrinin genişlənməsi, dini təhlükəsizlik, radikalizmə qarşı mübarizə və dini maarifçilik xəttinin gücləndirilməsi olub.

A. ABBASOV

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.