İstifadəçi Gülnar İlqarqızı Expargo proqramında yaşadığı problemlə bağlı narazılığını paylaşıb.
AzPost xəbər verir ki, onun sözlərinə görə, proqramda məhsulların avtobəyan olunması üçün seçim işarələyib. Lakin oktyabr ayında sifariş verdiyi məhsul səhv bəyan edilib və nəticədə məhsul saxlancda qalıb. İstifadəçi ekran görüntülərini şirkətə göndərib və səhvin proqram tərəfindən baş verdiyi təsdiqlənib. Expargo işçiləri məhsulun ödənişini qaytaracaqlarını bildirib.
Lakin üç aydır ödəniş geri qaytarılmayıb. İstifadəçi bildirir ki, hər zəng zamanı ona deyilir ki, sorğu maliyyə şöbəsinə yönləndirilib, amma heç bir nəticə əldə olunmayıb. Hər dəfə yeni sorğu açdıqda əvvəlki sorğu silinir. Məhsulun qiyməti cəmi 11,05 AZN olsa da, istifadəçi uzun müddət aparılan bu prosedurdan və şəffaflıq olmamasından narazıdır.
Gülnar İlqarqızı əlavə edir ki, məhsulu alan zaman paket üçün kiçik məbləğ tələb olunur, amma səhv baş verəndə şirkət problemi həll etmir. Onun sözlərinə görə, xidmət göstərmək bacarığı yoxdursa, proqramda həmin məhsulun satışı ləğv edilməlidir.
