Qazaxıstan ölkədəki enerji layihələrində “Lukoyl”a məxsus payın satın alınması ilə bağlı ABŞ-a rəsmi müraciət göndərib.
APA xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.
Məlumata görə, “Lukoyl” Qazaxıstandakı “Qaraçağanak” neft-qaz yatağının operatorunda 13 faiz paya sahibdir. Hazırda bu yatağın ehtiyatları təxminən 2 milyard barel həcmində qiymətləndirilir.
Bundan əlavə, Rusiya şirkəti ehtiyatları 10 milyard bareldən çox olan “Tengiz” neft yatağının operatorunda 5 faiz paya malikdir.
Həmçinin, “Lukoyl” Qazaxıstan neftini ixrac üçün Novorossiysk limanına daşıyan Xəzər Boru Kəməri Konsorsiumunda (XTK) da pay sahibidir.
Qazaxıstanın energetika naziri Erlan Akkenjenov bildirib ki, ölkəsi ABŞ-ın Xarici Aktivlərə Nəzarət İdarəsinə (OFAC) müvafiq məktub göndərib. ABŞ sanksiyalarına əsasən, bu cür əməliyyatların təsdiqi məhz OFAC-ın səlahiyyətindədir.
Nazir eyni zamanda, vurğulayıb ki, Qazaxıstan ölkə ərazisində yerləşən “Lukoyl” aktivlərinin satın alınmasında üstün hüquqa malikdir.