COVİD-lə Mübarizəyə Dəstək Fondunun 113 milyonu hardadır?–Karantin davam edir, sayt açılmır, xəstə sayı məlum deyil

Azərbaycan artıq 6-cı ildir ki, COVİD təhlükəsi səbəbindən xüsusi karantin rejimindədir.

Azpost.info bildirir ki, Nazirlər Kabineti sonuncu dəfə ötən ilin dekabrında qərar qəbul edərək xüsusi karantin rejiminin müddətini 1 aprel 2026-cı ilə qədər uzadılıb.

Bu qərar koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə qəbul edilib.

Bəs COVİD xəstəliyi ilə bağlı ölkədə hazırk durum necədir?

2023-cü ilin iyul ayından etibarən Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in adından açıqlanmış birgə məlumatda qeyd edilir ki, COVID-19 ilə bağlı statistik hesabat daha həftədə bir dəfə açıqlanacaq.Hər həftənin bazar ertəsi günü ötən həftə ilə bağlı məlumatların cəmi formasında veriləcək.

Ölkə xüsusi karantin rejimində yaşasa da bu xəstəliklə bağlı nəzərdə tutulan bir sıra addımlar sanki yoxa çıxıb.

Məsələn, rəsmi mənbələrdə COVİD xəstələrinin hazırkı sayı barədə məlumat demək olar ki, yoxdur. Nazirlər Kabinetinin rəsmi saytında son məlumat 2024-cü ilin lap əvvəlinə aiddir.

31 dekabr 2023-cü ildən 31 yanvar 2024-cü il müddəti üçün açıqlanmış məlumatda qeyd olunur ki, 1 ay ərzində yeni yoluxanların sayı 325 nəfər, sağalanların sayı 217 nəfər olub. Həmin ay 21 nəfər koronavirusdan ölüb.

Rəsmi məlumatda həmçinin yoluxanların ümumi sayının 834 630 nəfər olduğu göstərilir. Sağalanların ümumi sayı isə 824 089 nəfər olub. Ümumi ölüm sayı 10400 nəfərdir.

2024-cü ildən bu yana isə yeni statistika daha gözə dəymir.

Üstəlik COİVD-lə bağlı yaradılmış rəsmi sayt da açılmır. Xatırladaq ki, 19 mart 2020-ci ildə Prezident İlham Əliyevin fərmanı ilə  Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

Prezidentin ehtiyat fondundan bura 20 milyon manat ayrılmışdı.

Həmin il vətəndaşlar və müxtəlif təşkilatlar tərəfindən Fonda ianələr edilib. 4 may 2020-ci il tarixinə Fonda edilən ianələrin ümumi məbləği 113 milyon manat, 157 min ABŞ dolları, 87,5 min avro və 150 min rubl təşkil edib. Fondun İctimai Nəzarət Şurasının açıqlamasında bildirilir ki, Fonda toplanan vəsaitlər haqqında məlumat ictimaiyyətə açıqdır və gündəlik olaraq rəsmi internet saytında yerləşdirilir.

Son məlumata görə isə, Fonda 113 milyon manat pul yığılıb. Lakin bu ianələrlə bağlı hər hansı məlumat əldə etmək olmur: Fondun covid19fund.gov.az saytı açılmır.

Bu pulların necə xərclənməsi barədə məlumatlar da azdır.

Fondun vəsaitlərinin xərclənməsinə dair İctimai Şuranın hesabatını da tapmaq olmur.

Yeri gəlmişkən, Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının tərkibinə deputat Ziyad Səmədzadə, Kinematoqrafçılar İttifaqının sabiq sədri Şəfiqə Məmmədova, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli kimi tanınmış şəxslər daxil olub.

Siyahıda həmçinin Maliyyə Nazirliyi Aparatının Vergi siyasəti və gəlirlər şöbəsi müdirinin müavini Aydın İsayevin, Dövlət Vergi Xidmətinin Maliyyə Baş İdarəsi rəisinin müavini Rasim İsmayılovun adını da görmək olur.

Pandemiya ölkəmiz üçün ciddi sınaq oldu. Onunla bağlı hesabatın şəfaff olması Prezidentin tələb etdiyi ictimai nəzarət baxımından mühüm məsələdir.

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.