Pentaqon 450 yeni nüvə şaxtası tikməyi planlaşdırır

ABŞ Müdafiə Nazirliyi ölkənin strateji nüvə qüvvələrinin yenilənməsi çərçivəsində 450 yeni şaxtanın inşasını planlaşdırdığını təsdiqləyib. AzPost xəbər verir ki, söhbət “Sentinel” adlı yeni nəsil qitələrarası ballistik raketlərin yerləşdirilməsi üçün nəzərdə tutulan infrastrukturdan gedir. Layihə son onilliklərdə ABŞ nüvə üçlüyünün (quru, dəniz və hava komponentləri) ən böyük modernizasiya proqramlarından biri hesab olunur.

Məlumata görə, yeni şaxtalar sıfırdan tikiləcək. Keçid dövründə hazırda istismarda olan 400 ədəd LGM-30 Minuteman III raketi döyüş növbətçiliyində saxlanılacaq. Bir müddət ərzində həm köhnə, həm də yeni sistem paralel şəkildə fəaliyyət göstərəcək.

Əvvəlcə mövcud şaxtaların modernləşdirilməsi nəzərdə tutulsa da, sonradan bu variantın daha baha başa gəldiyi bildirilib və yeni obyektlərin tikintisinə qərar verilib. Hazırda Yuta ştatında prototip şaxtanın inşası aparılır. Gələcək mərhələdə oxşar obyektlərin Vayominq, Montana, Şimali Dakota, Nebraska və Kolorado ştatlarında yerləşdirilməsi planlaşdırılır. Xüsusilə F.E. Warren Air Force Base ətrafında işlərin aktiv fazaya keçdiyi qeyd olunur.

Yeni sistemin mərhələli şəkildə tətbiqi və LGM-35A Sentinel raketlərinə tam keçidin 2036-cı ilə qədər başa çatdırılması nəzərdə tutulur. Keçid dövründə döyüş növbətçiliyində qalacaq raketlərin dəqiq sayı açıqlanmır. Rəsmi mövqe ondan ibarətdir ki, “Minuteman III” kompleksləri istismar müddətini başa vurur və onların texniki resursu tükənmək üzrədir.

Layihə əvvəllər qüvvədə olmuş New START (Strateji Hücum Silahlarının Məhdudlaşdırılması haqqında müqavilə) çərçivəsində tətbiq edilən məhdudiyyətlər olmadan həyata keçirilir. Müqavilənin müddəti başa çatdıqdan sonra Vaşinqton və Moskva arasında yeni razılaşma imzalanmayıb. Həmin sənəd yerləşdirilmiş və yerləşdirilməmiş buraxılış qurğularının sayına limit müəyyən edirdi.

2025-ci ildə Pentaqon proqramın dəyərinin 81 faiz artdığını açıqlayıb. Ümumi məbləğin təxminən 141 milyard dollara çatdığı bildirilir. Xərclərin əsas hissəsi infrastrukturun qurulmasına, idarəetmə məntəqələrinin yaradılmasına və yeni rabitə sistemlərinin formalaşdırılmasına yönəldilir. Bununla yanaşı, torpaq sahələrinin alınması və köhnə raketlərin utilizasiyası məsələləri də açıq qalır.

Layihənin tənqidçiləri quru komponentinin azaldılmasını və əsas diqqətin sualtı qayıqlara yönəldilməsini təklif edirlər. Onların fikrincə, stasionar şaxtalar müasir hipersəs silahları fonunda daha həssas hədəfə çevrilə bilər. Tərəfdarlar isə qlobal təhlükəsizlik mühitində dəyişiklikləri – Çin nüvə potensialının artması, Ukrayna ətrafında münaqişə və strateji silahların yayılması risklərini – əsas arqument kimi göstərirlər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.