Süni intellektlə hazırlanan saxta və seksual məzmunlu materialların mediada yayımı qadağan edilir.
Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin bu gün videokonfrans formatında keçirilən birgə iclasında müzakirəyə çıxarılan “Media haqqında” qanuna təklif edilən yeni -14.1.13-1-ci maddədə əksini tapıb.
Layihəyə əsasən, şəxsin razılığı olmadan, onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə hazırlanmış reallığı əks etdirməyən, yaxud belə texnologiyalar (proqram təminatları) vasitəsilə hazırlanmış pornoqrafik və ya seksual məzmunlu foto, video və ya audio materialların yayılmasına yol verilməməlidir.
Bu halda yayım Audiovizual Şuranın qərarı ilə 24 (iyirmi dörd) saat müddətinədək müvəqqəti dayandırılacaq. Belə informasiyalar dərc edilən xarici çap mediası məhsullarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə və yayımına məhkəmənin qərarı ilə qadağa qoyula bilər.
Məhkəmə bu tələbə zidd olaraq xarici çap mediasının artıq paylanmış məhsulunu satışdan yığışdırmaq barədə qərar qəbul edə bilər.
Qanunsuz olaraq süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə pornoqrafik və ya seksual məzmunlu foto, video və ya audio materialları hazırlayanlar və ya yayanlar həbs olunacaq.
Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin bu gün videokonfrans formatında keçirilən birgə iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif edilən yeni – 242-1-ci maddədə əksini tapıb.
Layihəyə əsasən, şəxsin razılığı olmadan, onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə pornoqrafik və ya seksual məzmunlu foto, video və ya audio materialları hazırlama və ya həmin materialları mediada, kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Eyni zamanda “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna təklif olunan dəyişikliyə əsasən, internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi həmin informasiya ehtiyatında (informasiya-telekommunikasiya şəbəkəsində) şəxsin razılığı olmadan, onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə hazırlanmış reallığı əks etdirməyən, yaxud belə texnologiyalar (proqram təminatları) vasitəsilə hazırlanmış pornoqrafik və ya seksual məzmunlu foto, video və ya audio materialların yerləşdirilməsinə yol verməməlidir.