BMT-nin konfransında qadınlarımızın uğurlarından danışılıb

Nyu-Yorkda BMT-nin Qadınların Statusu üzrə Komissiyasının 70-ci sessiyası davam edir. Martın 9-dan başlayan sessiya çərçivəsində keçirilən tədbirlərdə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Sessiyada Azərbaycan vətəndaş cəmiyyətlərini isə “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai birliyinin sədri, Azərbaycan Dillər Universitetinin professoru Şəhla Nağıyeva və təşkilatın idarə heyətinin üzvü, rəqəmsal yaradıcı Günay Həsənova təmsil edirlər.

Azərbaycanın QHT təmsilçiləri beynəlxalq qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə bir sıra görüş və müzakirələr keçirib, qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalayıblar.

“Qadınların ədalətə çıxışında mədəniyyətin rolu” mövzusunda müzakirələrdə yaxından iştirak edən nümayəndələrimiz Azərbaycanda QHT-lərin fəalliyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat verib, qadınların vətəndaş cəmiyyətinin inkişafında rolundan danışıblar.

İctimai birliyin sədri Şəhla Nağıyeva sessiya çərçivəsində keçirilən konfransda interaktiv dialoq zamanı “Qadınların səslərinin təşviqi: Mədəni ifadədən ədalətə çatma” mövzusunda çıxış edib. O, Azərbaycanın şərqdə qadınlara seçki hüququ verən ilk dövlət olduğunu xatırladaraq, ölkəmizin iqtisadi inkişafında qadınların rolu barədə söhbət açıb. Mədəniyyət, təhsil və ictimai təşəbbüslərin qadınların cəmiyyətdə fəallığının artırılmasına töhfə verdiyi barədə kpnkret nümunələr təqdim edib.

Qeyd edək ki, “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin təmsilçisinin belə bir mötəbər tədbirdə iştirakı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə mümkün olub.

O da vurğulanmalıdır ki, BMT-nin Qadınların Statusu üzrə Komissiyasının konfransı qadın hüquqları və gender bərabərliyi sahəsində qlobal müzakirələrin aparıldığı ən mühüm beynəlxalq platformalardan biridir.

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.