Azərbaycanda fəaliyyət göstərən növbəti karqo şirkətinin müştəriləri ciddi problemlə üzləşib. Söhbət son günlər sosial şəbəkələrdə fəaliyyəti ilə bağlı kəskin narazılıqlar yaranan “Postcargo” şirkətindən gedir.
AzPost.info xəbər verir ki, bu barədə narazı vətəndaşlardan biri – Emin Aydın sosial şəbəkədəki paylaşımında məlumat verib.
Şikayətçinin sözlərinə görə, bir neçə il bazarda fəaliyyət göstərən şirkət qəfildən rəsmi instaqram səhifəsini bağlayaraq yoxa çıxıb: “Görürəm ki, qruplarda karqolardan xeyli şikayətlər paylaşılır və hər kəs karqonun yaşatdığı acı hekayəni bölüşür. Elə isə mən də öz qarşılaşdığım mənzərəni təqdim edim. ‘Postcargo’ bir neçə il işlədikdən sonra instaqram səhifəsini bağlayaraq aradan çıxıb. Təkcə bizim gəlib çıxmayan iki bağlamamız var. Hər müştəridən azı bir bağlama mənimsənilsə, bu, minlərlə itmiş bağlama deməkdir”.
Şikayətçi bildirir ki, bağlamalardan biri mayın 30-da təhvil verildiyi üçün gecikməni müəyyən mənada anlamaq olardı. Lakin mayın 8-də etibarlı satıcı tərəfindən göndərilən və artıq 1 aydır ortalıqda olmayan digər bağlamanın taleyi qaranlıq qalıb: “Mayın 8-də təhvil verilən bağlama niyə 1 aydır ki, ortada yoxdur, buna nə ad verək? İki bağlama çox deyilmi, hörmətli ‘Postcargo’? Bu arada, insafən, sözügedən karqo öz adının haqqını verdi: bir müddət işləyib ‘karqo’luq etdi, sonra da aradan çıxıb ‘post’ oldu, getdi. Əhsən belə sözübütövlüyə!”
Qeyd edək ki, son zamanlar xaricdən sifarişlərin çatdırılması ilə məşğul olan bəzi kiçik karqo şirkətlərinin qəfil bağlanması və müştərilərin bağlamalarını mənimsəməsi hallarına tez-tez rast gəlinir.
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
