“Neftçi”nin baş məşqçisi Yuri Vernidubla yeni müqavilə imzalanıb.
Klubdan verilən məlumata görə, Müşahidə Şurasının sədri Hafiz Zeynalov və baş icraçı direktor Cenk Sümerin iştirakı ilə keçirilən imza mərasimində ukraynalı mütəxəssislə mövcud sözləşmə 2028-ci ilin yayına qədər uzadılıb.
Müşahidə Şurasının sədri Hafiz Zeynalov bu qərarın klub üçün uğurlu olacağına inandığını bildirib: “Klubumuz üçün xeyirli olsun. “Neftçi”nin həm milli çempionatda, həm kubok yarışlarında, həm də UEFA Konfrans Liqasında uğur qazanacağına Müşahidə Şurasının böyük inamı var. Baş məşqçi Yuri Vernidubun peşəkarlığına, səriştəsinə və formalaşdırdığı komandaya inanır, bu yolda onu dəstəkləyirik”.
Baş icraçı direktor Cenk Sümer isə müqavilənin uzadılmasını gələcəyə hesablanmış strateji addım kimi dəyərləndirib: “Bu, sadəcə müqavilənin yenilənməsi deyil, həm də ortaq inamımızın və gələcəyə dair böyük ümidlərimizin göstəricisidir. Məqsədlərimizə, peşəkar yanaşmamıza və klubumuzun dəyərlərinə göstərdikləri dəstəyə görə Müşahidə Şurasına təşəkkür edirəm. Baş məşqçi Yuri Verniduba da komandadakı fəaliyyəti dövründə nümayiş etdirdiyi əzm və zəhmətə görə minnətdaram. İnanıram ki, birlikdə daha böyük uğurlar qazanacağıq”.