Bəşəriyyət əsrlərdir eyni sualın cavabını axtarır: “Biz kainatda təkik?” Müasir astronomiya sübut edir ki, təkcə bizim qalaktikada milyardlarla Yerə bənzər, yaşayış üçün əlverişli planet var. Əgər ehtimal bu qədər yüksəkdirsə, niyə indiyə qədər yadplanetli sivilizasiyaların varlığına dair heç bir rəsmi, təkzibedilməz sübut tapmamışıq?
Elm dünyası bu ziddiyyəti dahi fizik Enriko Ferminin şərəfinə “Fermi paradoksu” adlandırır.
Alimlərin bu paradoksa verdiyi ən qorxulu cavablardan biri “Böyük filtr” (The Great Filter) nəzəriyyəsidir. Bu fərziyyəyə görə, ağıllı həyat formaları müəyyən bir inkişaf mərhələsinə (məsələn, nüvə texnologiyası və ya süni intellekt dövrünə) çatdıqda, özlərini məhv edirlər. Biz filtri keçmişik, yoxsa qarşıdadır? Əgər digər planetlərdəki sivilizasiyalar kosmik səyahət mərhələsinə çatmadan texnoloji fəlakət (nüvə müharibəsi, iqlim böhranı, idarəolunmaz AI) səbəbindən məhv olublarsa, bu o deməkdir ki, insanlığı da eyni aqibət gözləyir. Kainatdakı sükutun səbəbi, bəlkə də, ulduzlararası rabitə qura biləcək hər kəsin artıq tarixə qovuşmasıdır.
Zoopark və kosmik karantin fərziyyəsi
Digər bir maraqlı yanaşma isə bizim sadəcə “müşahidə altında” olmağımızdır. Zoopark fərziyyəsinə görə, yüksək inkişaf etmiş yadplanetli sivilizasiyalar bizim varlığımızdan xəbərdardırlar, lakin bizim təbii inkişafımıza mane olmamaq üçün bizimlə əlaqəyə girmirlər. Onlar Yer planetini bir növ kosmik qoruq və ya zoopark kimi kənardan izləyirlər.
Kainatın sükutu Barədə 3 elmi fərziyyə bunlardır:
Texnoloji gerilik: Biz hələ cəmi 100 ildir ki, kosmosa radio siqnallar göndəririk. Kainatın milyardlarla illik tarixini nəzərə alsaq, bizim siqnallarımız hələ çox qısa bir məsafə qət edib və sadəcə “kiməsə çata bilməyib”.
Fərqli rabitə dilləri: Yadplanetlilər bizim tamamilə fərqinə varmadığımız, fizikadan kənar fərqli bir dalğa və ya kvant texnologiyası ilə ünsiyyət qururlar. Biz isə hələ də köhnə radio dalğaları ilə onları axtarırıq.
Kosmik meşə nəzəriyyəsi: Kainat qaranlıq bir meşə kimidir və hər bir sivilizasiya digər yırtıcılardan qorunmaq üçün öz yerini gizli saxlayır. Siqnal göndərən və səs salan (insanlıq kimi) ilk sivilizasiyalar isə sadəcə məhv edilmə riski ilə üz-üzədir.
Aydın Əliyev