“Azərbaycan Mədəniyyət Səfirləri” Assosiasiyası təsis olunub

“Azərbaycan Mədəniyyət Səfirləri” Assosiasiyasının təsis yığıncağı keçirilib.

Yeni qurumun təsisçiləri mədəniyyət sahəsində fəaliyyət göstərən nüfuzlu qeyri-hökumət təşkilatlarıdır: “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi, Turan” Türk Xalqlarının Mədəniyyətinin İnkişafına Dəstək İctimai Birliyi, İz Mədəniyyətin İnkişafına Dəstək” İctimai Birliyi, “Azərbaycan Milli Kulinariyasının Araşdırılması, Təbliği və Dünyaya İnteqrasiyası” İctimai Birliyi“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi.

Assosiasiyanın yaradılmasında əsas məqsəd Azərbaycanın zəngin maddi və qeyri-maddi mədəni irsinin qorunması, milli ədəbiyyatın, musiqinin, poeziyanın, xalq sənətkarlığının, milli kulinariyanın və türk xalqlarının ortaq mədəni irsinin ölkə daxilində və beynəlxalq aləmdə daha geniş təbliği, mədəni diplomatiyanın inkişaf etdirilməsi, mədəniyyət sahəsində fəaliyyət göstərən təşkilatlar arasında əməkdaşlığın gücləndirilməsi və Azərbaycanın mədəni irsinin qlobal miqyasda tanıdılmasına töhfə verməkdir.

Assosiasiya Azərbaycan mədəniyyətinin beynəlxalq platformalarda tanıdılması məqsədilə “Mədəniyyət günləri”, beynəlxalq festivallar, sərgilər, ədəbi-bədii tədbirlər və yaradıcılıq layihələrinin təşkilinə xüsusi önəm verməyi nəzərdə tutur.

Assosiasiya nizamnaməsinə uyğun olaraq tarixi-mədəni irsin qorunması və bərpası, milli kulinariyanın elmi əsaslarla araşdırılması, mədəni irsin rəqəmsallaşdırılması, milli musiqinin, kəlağayı da daxil olmaqla milli geyimlərin, xalq tətbiqi sənəti nümunələrinin və digər qeyri-maddi mədəni irs elementlərinin təbliği istiqamətində layihələr həyata keçirəcək.

Assosiasiya öz fəaliyyətində UNESCO, ICESCO və digər beynəlxalq təşkilatlar, xarici ölkələrin mədəniyyət mərkəzləri, ali təhsil müəssisələri, yaradıcı birliklər və dövlət qurumları ilə əməkdaşlığın genişləndirilməsini, beynəlxalq mədəni dialoqun inkişafını və Azərbaycanın mədəniyyətinin dünyada daha geniş tanıdılmasını prioritet istiqamətlər kimi müəyyən edib.

Təsis yığıncağında Assosiasiyanın Nizamnaməsi təsdiq olunub, idarəetmə orqanları formalaşdırılıb və “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri Şəhla Nağıyeva üç il müddətinə “Azərbaycan Mədəniyyət Səfirləri” Assosiasiyasının prezidenti seçilib.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.