Özbəkistanın paytaxtı Daşkənddə keçirilən I Beynəlxalq İslam Sivilizasiyası Forumunun rəsmi açılış mərasimi baş tutub.
Azpost.info bildirir ki, bu barədə QMİ-nin mətbuat xidmətindən bildirilib.
İyulun 7-də təşkil olunan açılış mərasimi Qurani-Kərimdən ayələrin tilavəti ilə başlayıb.
Daha sonra forumun keçirildiyi İslam Sivilizasiyası Mərkəzi haqqında məlumat xarakterli film nümayiş etdirilib və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin forum iştirakçılarına ünvanladığı müraciət oxunub.
Açılış mərasimində çıxış edən Allahşükür Paşazadə əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevin forum iştirakçılarına ünvanladığı xoş arzuları çatdırıb.
Şeyxülislam çıxışında Azərbaycan və Özbəkistanın əsrlər boyu İslam sivilizasiyasının inkişafına verdiyi töhfələrdən bəhs edib. O bildirib ki, Daşkənddə fəaliyyət göstərən İslam Sivilizasiyası Mərkəzi dünya miqyasında elm, din və mədəniyyətin vəhdətini nümayiş etdirən unikal mərkəzdir.
Allahşükür Paşazadə çıxışında qeyd edib ki, bu mərkəz İslam mədəniyyətinin bəşəriyyətə bəxş etdiyi dəyərlərin ən müasir texnologiyalar vasitəsilə təqdim olunduğu nümunəvi layihədir. O, İslam Sivilizasiyası Mərkəzinin ideya müəllifi kimi Prezident Şavkat Mirziyoyevi yüksək qiymətləndirərək, onun İslamın humanist və mötədil dəyərlərinin təşviqinə verdiyi töhfələri xüsusi vurğulayıb.
Şeyxülislam eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyevin də milli-mənəvi dəyərlərin qorunmasına, İslamın sülhsevər mahiyyətinin dünyada təbliğinə, müxtəlif din və mədəniyyətlər arasında dialoqun inkişafına ardıcıl dəstək verdiyini bildirib. Onun sözlərinə görə, Prezident İlham Əliyev İslam dünyasının maraqlarını beynəlxalq platformalarda ardıcıl müdafiə edən və islamofobiya meyllərinə qarşı prinsipial mövqe nümayiş etdirən siyasi liderdir.
Qafqaz Müsəlmanları İdarəsinin sədri çıxışında Türk Dövlətləri Təşkilatı çərçivəsində müsəlman dini liderlərinin əməkdaşlığının əhəmiyyətinə də toxunub. O bildirib ki, dini liderlər təşkilata üzv dövlət başçılarının mədəni-mənəvi sahədə həyata keçirdiyi təşəbbüslərə dəstək verməyə hazırdırlar.
Allahşükür Paşazadə bu ilin sentyabr ayında Bakıda keçiriləcək Türk Dövlətləri Təşkilatının dini liderlərinin VII görüşü barədə də məlumat verib. O bildirib ki, toplantı çərçivəsində görkəmli İslam mütəfəkkiri Seyyid Yəhya Bakuvinin irsinə həsr olunmuş beynəlxalq elmi konfrans da təşkil ediləcək.
Qeyd edək ki, I Beynəlxalq İslam Sivilizasiyası Forumu iyulun 7-11-də Daşkənd, Səmərqənd və Buxara şəhərlərində keçirilir. Forum İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO)nin baş direktoru Salim M. Al Malik və Özbəkistan İslam Sivilizasiyası Mərkəzinin direktoru Firdavs Abdulxalikovnin dəvəti ilə keçirilir. Azərbaycanı forumda Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə təmsil edir.




