Dünya birjalarında neft qiymətləri Yaxın Şərqdə kəskinləşən geosiyasi gərginlik fonunda son ticarət günündə təxminən 3% bahalaşaraq yüksəliş nümayiş etdirib.
Azpost.info bildirir ki, Londonun ICE birjasında “Brent” markalı neftin bir bareli 76.29 dollara, Nyu-Yorkun NYMEX birjasında isə WTI markalı neft 72.49 dollara çatıb.
Qlobal birjalarda əsas etalon markalar üzrə son qiymətlər aşağıdakı kimidir:
Brent nefti: bareli $76.29 (+$2.13 artım)
WTI nefti: bareli $72.49 (+$2.05 artım)
Azeri Light: bareli $76.38 ətrafında sabitləşir
Son həftələrdə neft təklifinin artması səbəbindən qiymətlər 70 dollar həddinə qədər ensə də, son 24 saatda kəskin dönüş yaranıb. Qiymətlərin yenidən sıçrayışına birbaşa təsir edən əsas amil Hörmüz boğazında gərginlikdir. İranın strateji su yolundan keçən kommersiya tankerlərinə hücum etməsi qlobal tədarük zəncirində qorxu yaradıb.
ABŞ ordusunun İrana məxsus hədəflərə hava zərbələri endirməsi regionda genişmiqyaslı qarşıdurma riskini artırıb.
Vaşiqntonun İrana qarşı sanksiyaları bərpa etməsi vəziyyətə ciddi təsir edir. ABŞ-ın İrana fərdi qaydada neft satmağa icazə verən ümumi lisenziyanı ləğv etməsi bazardan əlavə xam neft həcmlərinin çəkiləcəyi siqnalını verib.
Geosiyasi risklər qiymətləri yuxarı itələsə də, investorlar qlobal iqtisadiyyatdakı zəifləmə və OPEC+ qərarları səbəbindən ehtiyatlı davranırlar.
Alyans avqust ayından etibarən könüllü hasilat ixtisarlarını yumşaltmağı və bazara gündəlik əlavə 188 min barel neft çıxarmağı planlaşdırır. Səudiyyə Ərəbistanının dövlət şirkəti Saudi Aramco Asiya bazarları üçün rəsmi satış qiymətlərində son 20 ilin ən böyük endirimini tətbiq edib.
ABŞ-ın kommersiya neft ehtiyatlarının 3.8 milyon barel azalması qısamüddətli dəstək formalaşdırıb.
Samir Abdulla