Şeyxülislam Daşkənddə “Qardaşlıq və müttəfiqliyin zirvəsi” kitabını təqdim edib

Azərbaycan və özbək dillərində çap olunmuş “Qardaşlıq və Müttəfiqliyin Zirvəsi” adlı kitab-albom İyulun 7-də Özbəkistan ictimaiyyətinə təqdim olunub.

Azpost.info bildirir ki, bu barədə QMİ-nin mətbuat xidmətindən bildirilib.

Özbəkistanın paytaxtı Daşkənd şəhərində Özbəkistan Kinematoqrafiya Agentliyinin zalında keçirilən təqdimat mərasimində geniş ictimaiyyət nümayəndələri, qardaş ölkədə yaşayan azərbaycanlılar iştirak ediblər.
Özbəkistan Prezidentinin Özbəkistan Prezidentinin müşaviri Şuhrat Qaniyev, Millətlərarası münasibətlər və xaricdəki həmvətənlərin məsələləri komitəsinin sədri Qahramon Sarıyev, digər rəsmi şəxslər, ictimaiyyət nümayəndələri, o cümlədən, Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri və digər şəxslər çıxış edərək təqdim olunan kitabın məziyyətlərindən ətraflı bəhs ediblər. Bildirilib ki, bu kitab Azərbaycanın dini liderinin qardaş Özbəkistan dövlətinə və xalqına özəl hörmət və dərin minnətdarlıq ruhunda ərsəyə gəlmiş nəşr iki qardaş dövlətin tarixi əlaqələrinə işıq salan, mənəvi əlaqələrin ən yeni tarixi dövrünə dair ensiklopedik əsərdir.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin müəllifi olduğu “Qardaşlıq və Müttəfiqliyin Zirvəsi” adlı kitab-albom Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında mövcud əsl qardaşlıq münasibətləri, müttəfiqlik zirvəsinə yüksəlmiş dövlətlərarası münasibətlərin mənəvi əlaqələrimizin inkişafına töhfələri əks olunub.
“Qardaşlıq və Müttəfiqliyin Zirvəsi”adlı kitab-albom 216 səhifədən ibarətdir və “Azərbaycan Nəşriyyatı”nda nəfis şəkildə çap olunub.
Kitabda Azərbaycanda və özbək torpağında baş tutan səmimi görüşlər, müxtəlif dövrlərdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin Azərbaycan və Özbəkistanda keçirilən tədbirlərdəki çıxışları, konfrans materialları, məktub və məruzələri və fotoşəkillər ehtiva olunur.
Kitabın məşrinə məsul QMİ sədrinin birinci müavini, Müfti Salman Musayev, tətrib edəni QMİ Mətbuat Xidmətinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Rəhimə xanım Dadaşovadır.
Şeyxülislam Allahşükür Paşazadə kitabın özbək ictimaiyyətinə təqdimat mərasimində çıxışında deyib ki, doğma yurdu Azərbaycanla ikinci vətəni Özbəkistan arasında əbədi qardaşlıq əlaqələrinə ithaf etdiyi nəşrin təqdimat mərasimində iştirakdan çox məmnundur:  “Özbəkistanın tərəqqi və inkişafı məni hədsiz qürurlandırır. Bu torpağın qədim sivilizasiya məkanı olaraq nam və şöhrəti, Şərqin parlayan mədəni-mənəvi ulduzu olması tarixi gerçəklikdirsə, müasir Özbəkistanın nəinki Mərkəzi Asiyanın, bütün İslam dünyasının ucalan Günəşi olması bu günün fəxarətverici reallığıdır”.
QMİ sədri bildirib ki, dövlət rəhbərinin İslam dininin ali mənəvi dəyərlərinə belə yüksək qiymət verməsi  uzaqgörən dövlətçilik təfəkkürünün parlaq təzahürüdür. Özbəkistan ötən əsrlərdə olduğu kimi, XXI əsrdə də İslam maarifi, elm-irfan sahəsində olduqca mühüm fəaliyyətlərin önündə getmək iqtidarı nümayiş etdirir: “Şeyxülislam olaraq, mən hər zaman Azərbaycan və Özbəkistanın möhtərəm dövlət başçılarının ənənəvi milli-mənəvi dəyərlərə, tarixi irsə önəm və diqqətini olduqca yüksək dəyərləndirirəm. Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev əsrlərdən gələn müştərək və mötəbər ənənələrə yeni nəfəs verirlər, müttəfiqlik bağları ilə daha da yaxınlaşmış iki qardaş xalqın gələcək uğurlarına təminat yaradırlar”.
Azərbaycan və Özbəkistan mənəvi əlaqələri o qədər dərin və çoxşaxəlidir ki, cild-cild kitablara, elmi tədqiqat əsərlərinə sığmaz.
QMİ sədri deyib ki, təqdim olunan “Qardaşlıq və Müttəfiqliyin Zirvəsi”adlı kitab-albom iki qardaş xalq, müttəfiq dövlətin ən yeni tarixində qüdrətli dövlət rəhbərlərinin səyləri və müdrik addımları sayəsində siyasi müttəfiqlik zirvəsinə yüksəlmiş münasibətlər dönəmində mədəni-mənəvi əlaqələrin, dini dəyərlərin inkişafını əks etdirmək məramı daşıyır. İki dildə – Azərbaycan və özbək dillərində işıq üzü görən nəşrin materialları müxtəlif dövrlərdə Azərbaycan və Özbəkistanda keçirilən tədbirlərdəki çıxışları, konfrans materiallarını, məktub və məruzələri də ehtiva edir.
Şeyxülislam kitabın ərsəyə gəlməsində yardımını əsirgəməyən Özbəkistan İslam Sivilizasiyası Mərkəzinə, onun direktoru hörmətli dr. Firdavs Abdulxalikova, Özbəkistan Respublikası Prezident Administrasiyasının Dini-maarif məsələləri üzrə şöbə müdiri Müzəffər Kamilova, habelə Özbəkistan Respublikasının Azərbaycandakı Səfirliyinə minnətdarlığını bildirib.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.