Azərbaycanda işçilərin ən çox şikayət etdiyi problem– Maaşdan başqa daha nə narazılıq yaradır?

Müdir
Müdir

Əmək bazarında maaş həmişə əsas müzakirə mövzularından biri olub. Lakin mütəxəssislər hesab edirlər ki, işçilərin narazılığı təkcə əməkhaqqının məbləği ilə məhdudlaşmır.

 Azpost.info bildirir ki, iş mühiti, rəhbərliklə münasibətlər, karyera imkanları və iş-həyat balansı da insanların iş yerindən məmnunluğuna ciddi təsir göstərir.

Bəs Azərbaycanda işləyənlərin maaşdan başqa ən çox şikayət etdiyi problemlər hansılardır?

Azərbaycanda işləyənlərin əmək bazarında maaş amilindən sonra ən çox narazılıq etdiyi 5 əsas problem uzun iş saatları, qeyri-rəsmi məşğulluq, qanunsuz işdənçıxarmalar, iş yükünün qeyri-bərabər bölünməsi və toksik idarəetmə mühitidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və hüquq müdafiəçilərinə daxil olan əmək mübahisəsi müraciətlərində qeyd olunan problemlərin təfərrüatları bu baxımdan diqqət çəkir.

Mübahisələrdə uzun iş saatları və əlavə ödənişsiz əməklə bağlı şikayətlər yer alır. İşçilər qanunla müəyyən edilmiş 8 saatlıq iş rejimindən xeyli artıq işləməyə məcbur edilir. Həmçinin həftə sonları, rəsmi bayram günləri və işdən sonrakı saatlar üçün əlavə əməkhaqqı əksər hallarda ödənilmir. İşçilərin istirahət hüquqlarının pozulması da diqqətçəkən amildir. Növbəli iş qrafiklərində qanuni fasilələrin təmin edilməməsi və məzuniyyət hüquqlarının pozulması geniş yayılıb.

Digər tərəfdən işçilərin əmək müqaviləsi olmadan işlədilməsi və ya müqavilədə real maaşın minimum həddə göstərilməsi hələ də qalmaqdadır.

Bir işçi neçə işi görməlidir?

Vacib psixoloji məqam iş güvənsizliyidir. İşçilər əsassız işdənçıxarma təzyiqi ilə üzləşirlər. İşəgötürənlərin əmək müqaviləsini birtərəfli və qanunsuz əsaslarla ləğv etməsi əmək mübahisələrinin əsas səbəblərindəndir. İşçilərin ixtisarı zamanı da qanunla düşən xəbərdarlıq müddətinə və kompensasiyaların ödənilməsi qaydalarına çox vaxt əməl edilmir.

Araşdırma göstərir ki, iş yükünün qeyri-bərabər bölünməsi problem yaradır.

Şirkətlər xərclərə qənaət etmək üçün az işçi ilə böyük həcmdə iş görməyə çalışır. Bir işçiyə öz sahəsinə aid olmayan 2-3 fərqli statusun işi yüklənir. Rəqəmsal texnologiyalar iş prosesini asanlaşdırsa da, bir çox əməkdaş iş saatlarından sonra da zənglərə cavab vermək, mesaj yazmaq və tapşırıqları yerinə yetirmək məcburiyyətində qalır.

Nəticədə ailəyə, istirahətə və şəxsi həyata ayrılan vaxt azalır. Psixoloqlar xəbərdarlıq edirlər ki, uzun müddət davam edən bu vəziyyət peşəkar tükənmişlik riskini artırır.

Bir çox əməkdaş illərlə eyni vəzifədə çalışmasına baxmayaraq, peşəkar inkişaf və vəzifə artımı üçün real imkan görmür. Bu vəziyyət motivasiyanın azalmasına, bəzən isə iş yerini dəyişmək qərarına səbəb olur.

Mütəxəssislər bildirirlər ki, işçilər yalnız yüksək maaş deyil, inkişaf perspektivi də gözləyirlər. Şirkətlərdə şəffaf karyera planlarının olmaması narazılığı artıran əsas amillərdən sayılır.

“Zalım rəhbər” və işçilər

Əmək münasibətlərində ən həssas məsələlərdən biri də rəhbərlə ünsiyyətdir. İşçilər qərarların izah edilməməsi, fikirlərinin nəzərə alınmaması və qiymətləndirilmədiklərini hiss etmələrindən tez-tez narazılıq edirlər.

Eləcə də “mobbinq” və qeyri-peşəkar rəhbərlik psixoloji təzyiq faktoruna çevrilir. İş yerlərində rəhbər şəxslər tərəfindən işçilərə qarşı mənəvi basqı, təhqiramiz rəftar və ayrı-seçkilik mühiti formalaşır. Halbuki, sağlam iş mühiti, qarşılıqlı hörmət və açıq kommunikasiya əmək məhsuldarlığını artıran əsas amillərdən hesab olunur.

İşçi məmnunluğu niyə vacibdir?

Araşdırmalar göstərir ki, işindən razı qalan əməkdaş daha məhsuldar işləyir, iş yerini dəyişmək ehtimalı azalır və şirkətə daha bağlı olur. Buna görə də müasir işəgötürənlər təkcə əməkhaqqını deyil, iş mühitini, inkişaf imkanlarını və işçi rifahını da diqqətdə saxlamağa çalışırlar.

Əmək bazarında rəqabətin artdığı bir dövrdə işçilərin gözləntiləri də dəyişir. Artıq insanlar yalnız yüksək maaş deyil, ədalətli münasibət, peşəkar inkişaf və sağlam iş mühiti axtarırlar. Mütəxəssislər hesab edirlər ki, bu amillərə diqqət yetirən şirkətlər gələcəkdə daha güclü və sabit kollektiv formalaşdıra biləcəklər.

Samir Abdulla

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.