Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Özbəkistanda keçirilən I Beynəlxalq İslam Sivilizasiyası Forumu çərçivəsində Səmərqənddə təşkil olunan imam Buxariyə həsr olunmuş kitabla bağlı təqdimatda çıxış edib.
Azpost.info bildirir ki, bu barədə QMİ mətbuat xidməti məlumat verib.
Şeyxülislam toplantı iştirakçılarına və özbək xalqına Azərbaycan prezidenti İlham Əliyevin salamlarını, ən səmimi arzularını çatdırıb. QMİ sədri deyib ki, özbək torpağının qüdrətli inanc insanlarından sayılan imam Buxari və onun irsi Özbəkistanın dünya hədis elminə bəxş etdiyi ən böyük töhfədir. Onun adı islamın maarif çırağını ucaldanlar sırasında yer alır. Buxarinin irsi dünyanın ən müxtəlif guşələrindən elm, ürfan axtaranları ölkəyə cəlb edib. Ziyarət yeri olan Buxari məqbərəsi həm də tarixi və mədəni irsin bir parçası olaraq Özbəkistanın ən önəmli məkanlarından biridir. Bu məkan hər bir özbək üçün nə qədər müqəddəsdirsə, hər bir müsəlman üçün bir o qədər əziz, dəyərlidir.
“Özbəkistan mənim ikinci vətənim olduğundan bir Şeyxülislam, Özbəkistanın elmi-dini mühitindən bəhrələnmiş din xadimi kimi bu məkanı xüsusi məhəbbətlə ziyarət edirəm. Ateist rejiminin vandalizminə məruz qalmış bu məqbərənin bərpasında gənc yaşlarımda iştirak etmişəm. Bu məkanın dirçəldilməsi, layiq olduğu ucalığa yetişməsi üçün zamanında mənimlə bərabər ustadlarımın və tələbə yoldaşlarımın etdiyi duaların müstəcab olmasından çox böyük xoşbəxtlik duyuram”-deyə QMİ sədri çıxışında vurğulayıb.
A.Paşazadə deyib ki, Buxari məqbərəsini möhtəşəm kompleksə çevirən, Özbəkistanda İslam Sivilizasiyası Mərkəzi yaradan Prezident Şavkat Mirziyoyevə minnətdarlığını bildirir.
QMİ sədri deyib ki, Türk Dövlətləri Təşkilatı müstəvisində müsəlman dini liderlər olaraq dövlət başçılarımızın mədəni-mənəvi sahədə bütün səy və əməllərinin gerçəkləşməsinə öz töhfələrini verməkdən məmnunluq duyurlar. “Bizim növbəti 7-ci görüşümüz bu ilin sentyabrında Bakıda baş tutacaq. Bu görüş əsnasında daha bir İslam mütəfəkkiri – Seyyid Yəhya Bakuvinin irsinə dair Beynəlxalq konfrans keçirmək niyyətindəyik”.
Şeyxülislam bildirib ki, Özbəkistanın həyata keçirdiyi fundamental işlər beynəlxalq müstəvidə təqdir edilir, İslam mütəffəkkirlərinin irsi BMT tribunasından təşviq olunur. Özəlliklə, İSESKO-nun səyləri ilə Özbəkistan və onun İslam dünyasına bəxş etdiyi misilsiz töhfələr böyük ehtiramla bəşəriyyətə ümumbəşəri sərvət kimi təqdim olunmaqdadır.
QMİ sədri bu işlərə öz dəyərli töhfəsini verən İslam Sivilizasiyası Mərkəzinə və İRSİCA təşkilatına xüsusi təşəkkürünü çatdırıb.


