İstidə ən təhlükəli saatlar açıqlandı– Həkimlər bu vaxt çölə çıxmamağı tövsiyə edir

İsti
İsti

Yay aylarında havanın temperaturunun kəskin yüksəlməsi sağlamlıq üçün ciddi risklər yaradır. Xüsusilə günəş şüalarının ən intensiv olduğu saatlarda açıq havada uzun müddət qalmaq günvurma, susuzlaşma və ürək-damar problemlərinə səbəb ola bilər.

Azpost.info-nun mlumatına görə, həkimlər xəbərdarlıq edirlər ki, yüksək temperaturu yüngül qəbul etmək təhlükəli nəticələrə gətirib çıxara bilər.

Mütəxəssislərin sözlərinə görə, saat 11:00-dan 17:00-dək günəş şüalarının təsiri maksimum həddə çatır. Bu vaxt ultrabənövşəyi (UV) radiasiyanın səviyyəsi yüksəlir, asfalt və beton səthlərdən yayılan istilik isə havanı daha da ağırlaşdırır. Nəticədə orqanizm özünü soyutmaq üçün daha çox enerji sərf edir və susuzlaşma riski artır.

Kimlər daha çox risk altındadır?

İsti hava hər kəs üçün təhlükəli olsa da, bəzi insanlar daha həssas hesab olunur. Risk qrupuna aşağıdakılar daxildir:

65 yaşdan yuxarı insanlar;

azyaşlı uşaqlar;

hamilə qadınlar;

ürək-damar, şəkərli diabet və tənəffüs sistemi xəstəliklərindən əziyyət çəkənlər;

açıq havada çalışan işçilər və idmançılar.

Günvurma necə özünü göstərir?

Günvurma zamanı aşağıdakı əlamətlər- başgicəllənmə, güclü baş ağrısı, ürəkbulanma və qusma, halsızlıq, bədən temperaturunun 39–40 dərəcəyədək yüksəlməsi, huşun bulanması və ya itməsi müşahidə oluna bilər:

Bu simptomlar yarandıqda insan dərhal sərin yerə aparılmalı, bədəni soyudulmalı və təcili tibbi yardım çağırılmalıdır.

İstidən necə qorunmaq olar?

Həkimlər yüksək temperaturun təsirini azaltmaq üçün bir neçə sadə qaydaya əməl etməyi tövsiyə edirlər:

Saat 11:00–17:00 arasında mümkün qədər açıq günəş altında qalmayın.

Gün ərzində kifayət qədər su için, susamağı gözləməyin.

Açıq rəngli, yüngül və pambıq parçalardan hazırlanmış geyimlər seçin.

Papaq və gün eynəyindən istifadə edin.

Fiziki iş və idmanı səhər tezdən və ya axşam saatlarına saxlayın.

Avtomobildə uşaqları və ev heyvanlarını tək buraxmayın.

Kondisioner də düzgün istifadə olunmalıdır

Mütəxəssislər bildirirlər ki, kondisionerin temperaturunu çox aşağı səviyyəyə endirmək də sağlamlıq üçün zərərlidir. Çöldə 38–40 dərəcə isti olduğu halda otağın temperaturunu 22–24 dərəcədən aşağı salmaq orqanizm üçün kəskin istilik fərqi yaradır və soyuqlama, əzələ ağrıları, hətta bəzi hallarda qan təzyiqinin dəyişməsi ilə nəticələnə bilər.

Yay mövsümündə sadə ehtiyat tədbirlərinə riayət etmək günvurma və digər istiliklə bağlı problemlərin qarşısını almağa kömək edir. Həkimlər xüsusilə yaşlılara, uşaqlara və xroniki xəstəlikləri olan şəxslərə isti günlərdə zəruri olmadıqca günün ən qızmar saatlarında evdən çıxmamağı tövsiyə edirlər.

Sunay Aydın

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.