Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında Azərbaycan kino tarixini ekranlaşdıracaq “Kinostudiya sakinləri” bədii-sənədli filminin çəkilişləri davam edir.
Layihə qarşısına uzun illər ərzində Azərbaycan kinosunun formalaşmasında mühüm rol oynamış kinostudiyanın tarixini və burada çalışan insanların həyat yolunu ekran dilində təqdim etmək məqsədi qoyub. Layihə həmçinin strateji hədəflərlə Azərbaycan kino tarixinin qorunması proseslərinin bir hissəsi olmaq, bu sahədə çalışmış insanların əməyini işıqlandırmaq və gənc nəsildə milli kino irsinə maraq yaratmaq məqsədilə reallaşdırılır.
Film kinostudiyanı təkcə kino istehsalçısı məkanı kimi deyil, paralel olaraq müxtəlif nəsilləri əhatə edən yaradıcılıq mühiti, peşə məktəbi və zəngin sənət ənənələrinin qorunduğu bir ocaq kimi təqdim edəcək. Ekran əsərində illər ərzində burada çalışan sənət adamlarının xatirələri, çəkiliş proseslərindən maraqlı məqamlar və bu məkanın keçdiyi inkişaf yolu da canlandırılacaq.
Layihənin baş prodüseri Rüfət Qarazadə, icraçı prodüser və ikinci rejissoru Gülüstan Əliyeva, ssenari müəllifi Mahir Dərviş, quruluşçu rejissoru Namiq Ağayev, quruluşçu operatorları Rüfət Süleymanov və Ayaz Mikayılzadədir.
Hazırda çəkilişlər kinostudiyanın müxtəlif pavilyonlarında, arxiv fondlarında və uzun illər kino mütəxəssislərinin fəaliyyət göstərdiyi məkanlarda aparılır. Ekran işinin ərsəyə gətirilməsində arxiv foto və videomaterialları ilə yanaşı yeni çəkilən videomateriallardan da istifadə olunur.
“Kinostudiya sakinləri” layihəsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Kino Agentliyinin keçirdiyi 2026-cı il üzrə “Post-prodakşn mərhələsində olan film layihələrinə dəstək müsabiqəsi”nin qalib layihələrindən biridir.
