“Valideynlərlə psixomaarifləndirmə iş” adlı təlim keçirilib

“Çıraq” Uşaq və Yeniyetmələrə Dəstək ictimai birliyi 1 may tarixindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Əqli gerilik və davranış pozuntularından əziyyət çəkən uşaqlara psixoloji dəstəyin göstərilməsi” adlı layihənin icrasına başlayıb. Layihənin məqsədi əqli gerilik və davranış pozuntuları müşahidə olunan uşaqlara psixoloji dəstəyin göstərilməsidir.

Layihənin 10-cu təlimi təlimdə iştirak edən uşaqların valideynlərinin məlumatlandırılmasına həsr olunub. Təlimin əsas məqsədi valideynləri uşaqların psixoloji inkişaf xüsusiyyətləri, keçirilən korreksiyaedici və inkişafetdirici məşğələlərin məqsədi, əhəmiyyəti və əldə olunan nəticələr barədə məlumatlandırmaq olub.

Görüş zamanı valideynlərə uşaqların diqqət, yaddaş, təfəkkür, qavrama, sosial-ünsiyyət, emosional inkişafı, özünəqulluq və xırda motor bacarıqlarının inkişaf etdirilməsi istiqamətində aparılan fəaliyyətlər haqqında ətraflı məlumat verilib. Hər bir uşağın fərdi inkişaf xüsusiyyətləri nəzərə alınaraq əldə olunan irəliləyişlər və gələcək inkişaf istiqamətləri müzakirə edilib.

Valideynlərə ev şəraitində uşaqlarla işləmək üçün praktik tövsiyələr verilib, gündəlik məşqlərin, oyunların və ünsiyyətin inkişaf prosesində mühüm rolu izah olunub. Uşaqlarla səbirli davranmağın, onların kiçik uğurlarını qiymətləndirməyin, müsbət motivasiya yaratmağın və davamlı dəstək göstərməyin vacibliyi vurğulanıb.

Təlim zamanı valideynlərin sualları cavablandırılıb, onların təklif və fikirləri dinlənilib, qarşılıqlı fikir mübadiləsi aparılıb. Eyni zamanda psixoloq-valideyn əməkdaşlığının uşağın inkişafında mühüm rol oynadığı qeyd edilib və bu əməkdaşlığın gələcəkdə də davam etdirilməsinin zəruriliyi diqqətə çatdırılıb.

Fotolar

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.