Müharibələrin əhatəsində balans siyasəti –Prezident Şuşadan dünyaya hansı mesajlar verdi?

IV Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər təkcə Azərbaycanın xarici siyasətinin cari istiqamətlərini deyil, həm də regionda formalaşan yeni siyasi arxitekturanın konturlarını ortaya qoydu.
Dövlət başçısı Şuşadan dünyaya hansı mesajları verdi?
İlham Əliyevin çıxışında Qarabağın bərpasından enerji diplomatiyasına, Türkiyə ilə strateji tərəfdaşlıqdan ABŞ və Avropa ilə münasibətlərə, Rusiya və Ukrayna məsələsindən Cənubi Qafqazın gələcəyinə qədər bir sıra mühüm mesajlar yer aldı.
Vacib çağırış postmüharibə dövrü ilə bağlıdır.
Prezidentin “qlobal gündəliyimizə davamlı inkişaf, Qarabağın bərpası və yeni nəqliyyat marşrutlarının yaradılması daxildir” fikri Azərbaycanın postmüharibə mərhələsinə baxışını əks etdirir.
Ölkənin bütün ərazisində suverenliyin tam bərpasından sonra rəsmi Bakı diqqəti təhlükəsizlik gündəmindən iqtisadi inkişaf gündəminə keçirir. Qarabağın yenidən qurulması artıq yalnız humanitar layihə deyil, Azərbaycanın iqtisadi inkişaf strategiyasının əsas sütunlarından biri kimi təqdim olunur.
Bu yanaşma həm də Zəngəzur dəhlizi, Orta Dəhliz və yeni logistika marşrutlarının inkişafı ilə paralel düşünülür.
Bu baxımdan Türkiyə ilə müttəfiqlik regional təhlükəsizliyin əsas dayağıdır. Prezidentin Türkiyə və Azərbaycanın dünyada bir-birinə ən yaxın iki dövlət olması barədə fikri təsadüfi vurğulanmadı. Son illərdə Ankara-Bakı əməkdaşlığı hərbi müttəfiqlikdən enerji, nəqliyyat, müdafiə sənayesi və diplomatik koordinasiyaya qədər genişlənib. Bu tandem artıq təkcə iki ölkənin münasibəti deyil, Cənubi Qafqaz və Xəzər hövzəsində sabitlik yaradan əsas geosiyasi amillərdən biri kimi qiymətləndirilir.
Çıxışın ən diqqətçəkən hissələrindən biri Avropa Şurası ilə bağlı idi. İlham Əliyev bildirdi ki, hökumətdə təkcə AŞPA-dakı fəaliyyətin dondurulması deyil, ümumiyyətlə Avropa Şurasından çıxmaq məsələsi də müzakirə olunub.
Bu bəyanat Azərbaycanın Avropa institutları ilə münasibətlərində narazılığı və ölkəmizə qarşı ikili standart cəhdlərinin davam etdiyini göstərir. Bakı hesab edir ki, 2023-cü ilin antiterror tədbirlərindən sonra tətbiq edilən siyasi yanaşma ikili standartların nümunəsidir.
Bu mövqe gələcəkdə Azərbaycan–Avropa münasibətlərinin daha praqmatik və selektiv formatda davam edə biləcəyinə işarə edir.
Prezident həmçinin Avropa İttifaqına üzv yeni ölkələrlə qaz ixracı barədə danışıqların aparıldığını açıqladı. Bu bəyanat göstərir ki, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu artmaqda davam edir. Rusiyadan enerji asılılığını azaltmağa çalışan Avropa üçün Azərbaycan etibarlı tərəfdaş kimi əhəmiyyətini qoruyur. Enerji ixracının genişlənməsi ölkəyə əlavə valyuta axını ilə yanaşı, siyasi təsir imkanlarını da artırır.
Dövlət başçısının ABŞ-la münasibətlərə toxunarkən bu siyasətə yeni baxışın paradiqmasını açıqladı. Prezident Donald Trampın yanaşması ilə əvvəlki ABŞ administrasiyalarının siyasəti arasında ciddi fərq olduğunu vurğuladı. Bu mesaj Azərbaycanın Vaşinqtonla münasibətlərdə davamlı səhifənin siqnalı kimi qiymətləndirilə bilər.
“Müharibələrin əhatəsində balans siyasəti”. Prezidentin regionda hərbi təhdidlərə qiymət verərəkən mövqeyini belə ifadə etmək olar. Azərbaycanın həm şimalda, həm də cənubda müharibə şəraitində olan qonşularla həmsərhəd olması Prezident tərəfindən xüsusi vurğulandı.
Bu fikir Azərbaycanın xarici siyasətində balans prinsipinin niyə prioritet olduğunu izah edir. Bakı həm Rusiya-Ukrayna müharibəsində, həm də Yaxın Şərqdə baş verən proseslərdə tərəf olmaqdan daha çox vasitəçi və sabitlik tərəfdarı obrazını qorumağa çalışır.
Ukrayna ilə bağlı prinsipial mövqe yenidən gündəm oldu.
Prezident İlham Əliyevin “Heç vaxt işğalla barışmayın!” fikri çıxışın beynəlxalq rezonans doğura biləcək mesajlarından biri oldu. Azərbaycan uzun illər işğal problemi yaşamış dövlət kimi beynəlxalq hüququn ərazi bütövlüyü prinsipinə sadiq olduğunu bir daha nümayiş etdirdi. Bu yanaşma Bakının öz təcrübəsini beynəlxalq münasibətlər kontekstində təqdim etməsi baxımından da diqqət çəkir.
Prezident çıxışında Azərbaycanın regional rolunun getdikcə gücləndiyini bildirdi. Bu faktdır: Son illərdə Bakı enerji ixracatçısı, tranzit ölkə, regional diplomatiyanın lideri və fəal iştirakçısı kimi mövqeyini xeyli gücləndirib. Bu gün Azərbaycan həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizlərinin vacib iştirakçısı hesab olunur.
Rusiya ilə münasibətlərdə normallaşma ilə bağlı Bəyanat mühüm əhəmiyyət daşıyır.
Prezident Azərbaycan-Rusiya münasibətlərinin tam normallaşdığını bəyan etdi. Bu açıqlama göstərir ki, son iki ildə yaranmış gərginliklərə baxmayaraq, tərəflər siyasi dialoqu davam etdirməkdə maraqlıdırlar. Müxtəlif səviyyələrdə əlaqələrin saxlanılması regionda sabitliyin qorunması baxımından da mühüm əhəmiyyət daşıyır.
Dövlət başçısının ən vacib mesajı bu sayılır: Yeni Cənubi Qafqaz formalaşır. Prezident “Cənubi Qafqaz köklü şəkildə dəyişib, yeni güc mərkəzləri formalaşıb” fikri bütövlükdə çıxışın əsas ideyasını ifadə edirdi.
Azərbaycan hesab edir ki, 2020-ci ildən sonra regionun siyasi xəritəsi dəyişib və artıq yeni reallıqlar qəbul edilməlidir. Bakı özünü bu yeni regional düzənin əsas oyunçularından biri kimi təqdim edir.
Bu baxımdan Ermənistana sülh sazişinin tezliklə imzalamaq və revanşist əhvalı arxivə atmaq xəbərdarlığı vacib mesajdır.
Prezidentin “Azərbaycanın daxili riskləri yoxdur, bütün risklər sərhədlərimizin kənarında formalaşır” fikri isə ölkənin əsas təhlükəsizlik çağırışlarının xarici amillərlə bağlı olduğu barədə rəsmi mövqeni bir daha təsdiqləyir.
Şuşa Qlobal Media Forumunda səsləndirilən mesajlar göstərir ki, Azərbaycan yaxın illərdə öz siyasətini üç əsas
istiqamət üzrə davam etdirəcək: Ölkə üçün regional liderlik mövqeyinin möhkəmləndirilməsi, enerji və nəqliyyat layihələrinin genişləndirilməsi, həm Qərb, həm də Şərq tərəfdaşları ilə praqmatik əməkdaşlığın qorunması prioritetdir.
Prezidentin çıxış həm də onu göstərdi ki, rəsmi Bakı postmüharibə dövrünü artıq hərbi uğurdan daha çox geosiyasi və iqtisadi üstünlüyə çevirmək mərhələsi kimi qiymətləndirir və bu strategiyanı beynəlxalq auditoriyaya açıq şəkildə təqdim edir.
Xaqani SƏFƏROĞLU

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.