Şeyxülislam Allahşükür Paşazadə 7-11 iyul tarixində İSESCO və Özbəkistan İslam Sivilizasiyası Mərkəzinin birgə təşkilatçılığı ilə Daşkənd və Səmərqənd şəhərlərində keçirilmiş “İslam Sivilizasiyası: Sülh, Tolerantlıq və Maarifçilik Yolu” mövzusunda I Beynəlxalq İslam Forumunda iştirak edib.
Özbəkistanda keçirilən “İslam Sivilizasiyası: Sülh, Tolerantlıq və Maarifçilik Yolu” I Beynəlxalq İslam Forumu təkcə dini tədbir deyil, həm də İslam dünyasında əməkdaşlıq formatlarının, mənəvi diplomatiyanın və Türk dövlətləri arasında əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm platformaya çevrildi.
Forumda Azərbaycanı təmsil edən Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin çıxışları, keçirdiyi görüşlər və əldə etdiyi nəticələr göstərdi ki, Azərbaycan bu proseslərdə yalnız siyasi deyil, eyni zamanda mənəvi liderlik mövqeyini də gücləndirir.

İslamın sülh və maarifçilik mesajı
Forumun əsas məqsədi XXI əsrdə müsəlman coğrafiyasında qarşılıqlı hörmətin təşviq edilməsi, dini radikalizmə qarşı İslamın həqiqi mahiyyəti olan sülh, tolerantlıq və maarifçilik dəyərlərinin beynəlxalq ictimaiyyətə çatdırılması idi.
Açılış mərasimində çıxış edən Allahşükür Paşazadə ilk növbədə Azərbaycan Prezidenti İlham Əliyevin forum iştirakçılarına ünvanladığı xoş arzuları çatdırdı. Bu, Azərbaycanın tədbirə verdiyi siyasi və mənəvi əhəmiyyətin göstəricisi kimi qiymətləndirildi. Şeyxülislam çıxışında Azərbaycan və Özbəkistanın əsrlər boyu İslam sivilizasiyasının inkişafına verdiyi töhfələri xatırladaraq Daşkənddə fəaliyyət göstərən İslam Sivilizasiyası Mərkəzini elm, din və mədəniyyətin vəhdətini nümayiş etdirən nümunəvi beynəlxalq mərkəz kimi dəyərləndirdi.

Azərbaycanın tolerantlıq modeli beynəlxalq tribunalarda
Allahşükür Paşazadə çıxışında Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərin qorunmasına, dinlərarası dialoqun inkişafına və İslamın sülhsevər mahiyyətinin dünyada təbliğinə verdiyi dəstəyi xüsusi vurğuladı. Şeyxülislam qeyd etdi ki, Prezident İlham Əliyev beynəlxalq platformalarda İslam dünyasının maraqlarını ardıcıl müdafiə edən, islamofobiya meyllərinə qarşı prinsipial mövqe nümayiş etdirən siyasi liderlərdən biridir.
Bu tezislər Azərbaycanın son illər həyata keçirdiyi “mədəni diplomatiya” və “dinlərarası dialoq” siyasətinin növbəti dəfə beynəlxalq auditoriyaya təqdim olunması baxımından əhəmiyyət daşıyır.
Forumun diqqət çəkən məqamlarından biri də Şeyxülislamın Türk Dövlətləri Təşkilatı çərçivəsində dini liderlərin əməkdaşlığının genişləndirilməsi ilə bağlı çağırışı oldu. Onun fikrincə, dini liderlər dövlət başçılarının mədəni və mənəvi inteqrasiya siyasətinə dəstək verməli, ortaq tarixi və dini irsin qorunması istiqamətində birgə fəaliyyət göstərməlidirlər.
Ekspertlərin fikrincə, bu yanaşma Türk Dövlətləri Təşkilatının fəaliyyətində humanitar və mənəvi istiqamətin daha da güclənməsinə xidmət edə bilər.

“Qardaşlıq və Müttəfiqliyin Zirvəsi” kitabı mənəvi salnamə kimi
Səfərin mühüm hadisələrindən biri də Allahşükür Paşazadənin müəllifi olduğu “Qardaşlıq və Müttəfiqliyin Zirvəsi” kitab-albomunun Daşkənddə təqdimatı idi. Azərbaycan və özbək dillərində nəşr olunan kitabda Prezident İlham Əliyev ilə Prezident Şavkat Mirziyoyev arasında formalaşmış qardaşlıq münasibətlərinin dövlətlərarası əməkdaşlığın müttəfiqlik səviyyəsinə yüksəlməsinə təsiri geniş şəkildə əks etdirilib.
Nəşr yalnız siyasi münasibətləri deyil, həm də dini, mədəni və mənəvi əlaqələrin inkişaf tarixini sənədləşdirən əhəmiyyətli mənbə kimi təqdim olundu.

Özbəkistan Prezidentinin ali mükafatı
Səfərin kulminasiya nöqtəsi iyulun 10-da Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Allahşükür Paşazadəni qəbul etməsi oldu.
Görüş zamanı Şeyxülislama Özbəkistanın yüksək dövlət mükafatlarından biri olan “El-yurt hurmati” (“Xalqın və Vətənin Hörməti”) ordeni təqdim edildi. Prezident Şavkat Mirziyoyevin imzaladığı Fərmanda Allahşükür Paşazadənin dinlərarası və sivilizasiyalararası dialoqun inkişafına verdiyi töhfələr, sülh, humanizm və maarifçilik ideyalarının təşviqi, Azərbaycan və Özbəkistan xalqları arasında dostluq və qardaşlığın möhkəmləndirilməsi, dini təhsil və ixtisaslı kadrların hazırlanmasına dəstəyi, gənclərin ümumbəşəri dəyərlər ruhunda tərbiyəsi istiqamətində fəaliyyəti xüsusi qeyd olunub.
Bu mükafat təkcə Şeyxülislamın şəxsi xidmətlərinə verilən qiymət deyil, həm də Azərbaycanın həyata keçirdiyi mənəvi və humanitar siyasətə göstərilən yüksək ehtiram kimi dəyərləndirilə bilər.
QMİ sədrinin Özbəkistana səfəri bir neçə diqqətçəkən nəticə ilə yadda qaldı.
Azərbaycan İslam dünyasında sülh, tolerantlıq və dinlərarası dialoq siyasətini növbəti dəfə beynəlxalq platformada təqdim etdi. Həmçinin Türk Dövlətləri Təşkilatı çərçivəsində dini əməkdaşlığın genişləndirilməsi ilə bağlı yeni təşəbbüslər irəli sürüldü. Bu səfər Azərbaycan-Özbəkistan münasibətlərinin mənəvi və humanitar ölçüsü daha da möhkəmləndirildi.
“Qardaşlıq və Müttəfiqliyin Zirvəsi” kitabının təqdimatı iki ölkənin müttəfiqlik münasibətlərinin mənəvi salnaməsinə çevrildi.
Şeyxülislam Allahşükür Paşazadənin “El-yurt hurmati” ordeni ilə təltif olunması Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlığın mənəvi müstəvidə də yüksək səviyyəyə çatdığını nümayiş etdirdi. Nəticə etibarilə, Daşkənd və Səmərqənddə keçirilən forum Azərbaycanın İslam dünyasında mənəvi diplomatiya, tolerantlıq və sivilizasiyalararası dialoq sahəsində formalaşdırdığı nüfuzun daha da möhkəmləndiyini göstərən mühüm beynəlxalq hadisələrdən biri kimi qiymətləndirilə bilər.

Şeyxülislam Allahşükür Paşazadənin Özbəkistana bu səviyyəli səfərləri Azərbaycan-Özbəkistan münasibətlərinə təkcə dini deyil, həm də siyasi, humanitar və diplomatik baxımdan mühüm təsir göstərir.
Azərbaycan və Özbəkistan arasında münasibətlər artıq strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Bu münasibətlərin davamlı olması üçün siyasi və iqtisadi əməkdaşlıqla yanaşı, ortaq mənəvi dəyərlər də vacibdir. Şeyxülislamın səfərləri məhz bu mənəvi təməli möhkəmləndirir, iki xalqın ortaq tarix, din və mədəniyyət bağlarını ön plana çıxarır.
Müasir beynəlxalq münasibətlərdə yalnız dövlət rəhbərləri deyil, dini liderlər, elm adamları və mədəniyyət xadimləri də diplomatiyanın mühüm iştirakçılarına çevriliblər. Allahşükür Paşazadənin beynəlxalq forumlarda çıxışları Azərbaycanın tolerantlıq modelini və dinlərarası dialoq təcrübəsini beynəlxalq auditoriyaya təqdim edir. Bu isə ölkənin “yumşaq güc” imkanlarını artırır.
Türk Dövlətləri Təşkilatında son illər iqtisadi və siyasi inteqrasiya ilə yanaşı, humanitar əməkdaşlıq da sürətlənir. QMİ sədrinin dini liderlərin daha sıx əməkdaşlığı barədə çağırışları ortaq dini irsin qorunması, dini təhsilin inkişafı və radikalizmə qarşı birgə fəaliyyət üçün yeni imkanlar yaradır.

Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev son illər Azərbaycan-Özbəkistan əlaqələrini strateji müttəfiqlik səviyyəsinə çatdırıblar. Şeyxülislamın səfərləri və “Qardaşlıq və Müttəfiqliyin Zirvəsi” kitabının təqdimatı bu siyasi tərəfdaşlığı mənəvi və mədəni müstəvidə tamamlayır. Beləliklə, dövlətlərarası münasibətlər yalnız hökumətlər arasında deyil, cəmiyyətlər və dini institutlar arasında da dərinləşir.
Belə forumlar Azərbaycan və Özbəkistanın islamofobiyaya qarşı mübarizə, İslamın sülh və maarifçilik dini kimi təqdim olunması, dinlərarası dialoqun inkişafı kimi məsələlərdə ortaq mövqe nümayiş etdirməsinə imkan yaradır. Bu isə hər iki ölkənin beynəlxalq təşkilatlarda koordinasiyalı fəaliyyətini gücləndirir.
Aydın Əliyev