13 iyul 2026-cı il tarixində Azərbaycan Milli QHT Forumunun konfrans zalında Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi və Kəlağayı Muzeyinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının zəngin mədəni irsinin ayrılmaz hissəsi olan kəlağayının qorunması, təbliği və gələcək nəsillərə ötürülməsinə həsr olunmuş “Kəlağayım millidir, butalıdır, güllüdür” adlı dəyirmi masa keçirilib.
Tədbirdən əvvəl qədim və müasir Azərbaycan kəlağayılarından ibarət sərgi, rəssam Gülnarə Məmmədovanın kəlağayı mövzusunda yaratdığı rəsm əsərlərinin ekspozisiyası və kəlağayıya həsr olunmuş kitab sərgisi nümayiş etdirilib. Sərgilər iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Tədbir Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, Kəlağayı Ev Muzeyinin direktoru Güllü Eldar Tomarlı çıxışında bildirib ki, Azərbaycan kəlağayısı xalqımızın milli yaddaşının, qadın zərifliyinin və milli kimliyimizin rəmzidir. O vurğulayıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan kəlağayısı 2014-cü ildə UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib və beynəlxalq səviyyədə layiq olduğu dəyəri qazanıb.
Güllü Eldar Tomarlı qeyd edib ki, son illər universitetlərdə, ümumtəhsil məktəblərində və müxtəlif maarifləndirici layihələr çərçivəsində kəlağayının təbliği istiqamətində birliyimiz tərəfindən mühüm işlər görülür. Hazırda Azərbaycan Televiziyası tərəfindən kəlağayı haqqında sənədli film hazırlanır. O, həmçinin rəsmi uniformalarda xarici mənşəli fulyarların əvəzinə milli ornamentli kiçikölçülü kəlağayılardan istifadənin məqsədəuyğun olacağını bildirdi və vurğuladı ki, kəlağayı öz təbii ipəyi, müqəddəs mənası və ənənəvi forması ilə qorunmalıdır.
Ardınca iştirakçılara Azərbaycan kəlağayısının tarixi, estetik və mənəvi dəyərini əks etdirən videoçarx nümayiş etdirilib.
Dəyirmi masada alimlər, ziyalılar, mədəniyyət və incəsənət xadimləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, media mənsubları və gənclər çıxış edərək kəlağayının xalqımızın tarixini, ailə dəyərlərini və milli kimliyini yaşadan əvəzsiz mədəni irs nümunəsi olduğunu vurğulayıblar.
Çıxışlarda milli irs nümunələrinin saxtalaşdırılması cəhdlərinə qarşı elmi əsaslarla mübarizənin, kəlağayının beynəlxalq müstəvidə Azərbaycan xalqının milli sərvəti kimi tanıdılmasının vacibliyi qeyd edilib.
Sonda Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi və Kəlağayı Ev Muzeyi ictimaiyyətə müraciət edərək hər kəsi Azərbaycan kəlağayısının qorunmasına, təbliğinə və gələcək nəsillərə olduğu kimi ötürülməsinə dəstək verməyə çağırıb.
Tədbirin sonunda Güllü Eldar Tomarlı dəyirmi masanın keçirilməsinə dəstək göstərən dövlət qurumlarına, alimlərə, ziyalılara, QHT nümayəndələrinə, media mənsublarına və gənclərə təşəkkürünü bildirərək qeyd edib ki, milli-mənəvi irsin qorunması bütövlükdə cəmiyyətin ortaq missiyasıdır.





