Yay mövsümündə havanın temperaturu 35-40 dərəcəni keçdikdə avtomobillər daha ağır rejimdə işləməyə başlayır. Günəş altında saatlarla qalan nəqliyyat vasitələrində mühərrikdən tutmuş elektron sistemlərə qədər bir çox detal yüksək istiliyin təsirinə məruz qalır. Avtomobil ustaları bildirirlər ki, yay aylarında servisə müraciət edən sürücülərin əksəriyyəti eyni problemlərlə üzləşir.
AzPost.info xəbər verir ki, mütəxəssislər isti havalarda xüsusilə beş detalın daha tez sıradan çıxdığını qeyd edirlər.
Akkumulyator
Bir çox sürücü akkumulyatorun yalnız qışda problem yaratdığını düşünür. Əslində isə yüksək temperatur onun ömrünü daha sürətlə azalda bilər. İsti hava akkumulyatorun daxilindəki mayenin buxarlanmasını sürətləndirir, kimyəvi reaksiyalar isə daha intensiv getdiyi üçün batareyanın resursu azalır. Nəticədə avtomobil bir gün qəfil işə düşməyə bilər.
Mütəxəssislər 3-4 ildən artıq istifadə olunan akkumulyatorların yayda mütləq yoxlanılmasını tövsiyə edirlər.
Soyutma sistemi
Radiator, termostat, su nasosu və antifriz sistemi yay aylarında mühərrikin ən vacib müdafiə xəttidir. Əgər radiator çirklidirsə və ya antifriz səviyyəsi aşağıdırsa, mühərrik qızmağa başlayır. Bu isə silindr başlığının zədələnməsinə, mühərrikin ciddi nasazlığına və minlərlə manatlıq təmir xərclərinə səbəb ola bilər.
Ustalar uzun səfərə çıxmazdan əvvəl radiatorun və soyuducu mayenin vəziyyətinin yoxlanılmasını vacib sayırlar.
Şinlər
Yüksək temperatur asfalt örtüyünü də qızdırır. Bu zaman şinlərin daxilindəki hava genişlənir və təzyiq artır.
Normadan artıq təzyiq təkərin qeyri-bərabər aşınmasına, idarəetmənin pisləşməsinə, hətta yüksək sürətdə partlama riskinin artmasına səbəb ola bilər. Ekspertlər şin təzyiqinin ayda ən azı bir dəfə ölçülməsini, uzun yola çıxmazdan əvvəl isə mütləq yoxlanmasını məsləhət görürlər.
Kondisioner sistemi
Yayın ən çox istifadə olunan sistemi məhz kondisionerdir. Filtrlərin çirkli olması, freonun azalması və ya kompressorun həddindən artıq yüklənməsi səbəbindən kondisioner soyutma qabiliyyətini itirə bilər.
Bəzi hallarda sürücülər kondisioneri yalnız isti havalar başlayanda işə salırlar. Mütəxəssislər bildirirlər ki, sistemin ilboyu vaxtaşırı işlədilməsi kompressorun daha uzunömürlü olmasına kömək edir.
Mühərrik yağı və kəmərlər
Yüksək temperatur mühərrik yağının xüsusiyyətlərinə də təsir edir. Vaxtı keçmiş yağ öz qoruyucu xüsusiyyətlərini itirərək sürtünməni artırır. Bundan başqa, rezin materialdan hazırlanan kəmərlər və şlanqlar da istidən çatlamağa, elastikliyini itirməyə başlayır. Kiçik görünən bir çat sonradan mühərrikin dayanmasına səbəb ola bilər.
Avtomobili istidən necə qorumaq olar?
Avtomobil ustalarının tövsiyələrinə görə:
Avtomobili mümkün qədər kölgədə saxlayın.
Uzun səfərdən əvvəl soyutma sistemini yoxladın.
Antifriz və mühərrik yağının səviyyəsini nəzarətdə saxlayın.
Şin təzyiqini mütəmadi ölçün.
Kondisionerin filtrini vaxtında dəyişdirin.
Akkumulyatorun gərginliyini ildə ən azı bir dəfə servis mərkəzində yoxlatdırın.
Mütəxəssislər qeyd edirlər ki, yay aylarında baş verən avtomobil nasazlıqlarının əhəmiyyətli hissəsi sadə profilaktik baxışla qarşısı alına bilər. Vaxtında aparılan texniki xidmət həm təhlükəsizliyi artırır, həm də sonradan yaranacaq yüksək təmir xərclərinin qarşısını alır. Bu səbəbdən isti mövsümdə avtomobilin əsas sistemlərinə xüsusi diqqət yetirmək tövsiyə olunur.
Samir