Hazırda şaftalı, nektarin və ərik mövsümüdür. Mağaza və bazar piştaxtaları bu meyvələrin müxtəlif növləri ilə doludur. Lakin çoxları bilmir ki, bu meyvələrin bir çoxu əslində təbii mutasiyalar nəticəsində yaranmış sortlardır. Bəs onlar bir-birindən nə ilə fərqlənir? Hansı daha faydalıdır, hansında şəkər daha çoxdur?
Adi şaftalı və onun “qohumları”
Əslində yastı şaftalı, iri və xırda nektarinlərin hamısı eyni bioloji növə – adi şaftalıya (Prunus persica) aiddir. Onlar genetik modifikasiya olunmuş məhsullar deyil, təbiətdə baş vermiş mutasiyalar nəticəsində yaranıb, daha sonra seleksiyaçılar tərəfindən çoxaldılıb.
Məsələn, nektarin şaftalının qabığındakı xırda tüklərin yaranmasına cavabdeh olan genin təbii mutasiyası nəticəsində meydana gəlib. Buna görə də bütün nektarin növləri – istər iri qırmızı, istərsə də xırda özbək nektarinləri – eyni genetik xüsusiyyəti daşıyır.
Meyvələrin ölçüsü, şirinliyi, qabıq və lət rəngi isə sonradan seleksiya yolu ilə formalaşdırılıb. Yastı şaftalı isə formasını müəyyən edən genin mutasiyası nəticəsində yaranıb. Ona bəzən “əncir şaftalısı” deyilsə də, onun əncirlə heç bir genetik əlaqəsi yoxdur. Hətta satışda daha az rast gəlinən yastı nektarin növləri də mövcuddur.
Ərik isə tamamilə başqa növdür və şaftalının yaxın qohumu hesab olunur. Əriyin də yastı və qara növləri olsa da, onlar geniş yayılmayıb.
Hansı meyvə daha faydalıdır?
Bu meyvələr təkcə görünüşünə və dadına görə deyil, həm də qida tərkibinə görə fərqlənirlər. Onların tərkibindəki şəkər, vitamin, antioksidant və lif miqdarı eyni deyil.
Araşdırmalar göstərir ki, ən az şəkər adi şaftalı və ərikdə olur. Ən çox şəkər isə yastı şaftalıda (əncir şaftalısında) mövcuddur. Bu səbəbdən şəkərli diabetdən əziyyət çəkənlər və ya artıq çəkidən qurtulmaq istəyənlər üçün yastı şaftalını məhdudlaşdırmaq tövsiyə edilir. Nektarinlər, xüsusilə də daha şirin özbək nektarinləri də ehtiyatla istehlak olunmalıdır.
Nektarin zərərli deyil
Mütəxəssislər vurğulayırlar ki, nektarin və yastı şaftalı zərərli meyvələr hesab edilmir. Əksinə, onların tərkibində orqanizmi sərbəst radikalların təsirindən qoruyan və qocalma prosesini ləngidən polifenol antioksidantları adi şaftalı və ərikdən daha çox ola bilər.
Bu maddələr ürək-damar xəstəlikləri, bəzi xərçəng növləri və yaşlanma ilə bağlı digər problemlərin riskini azaltmağa kömək edir. Normal çəkisi olan sağlam insanlar üçün bu meyvələr yaxşı seçim sayılır.
Ərik və adi şaftalı bəzi göstəricilərdə liderdir
Bununla belə, qida lifləri, C və A vitaminləri, həmçinin karotinoidlər baxımından adi şaftalı və xüsusilə ərik üstünlük təşkil edir. Ərik eyni zamanda kaliumun ən zəngin mənbələrindən biri hesab olunur. Kalium yüksək qan təzyiqi və ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlar üçün olduqca faydalıdır.
Qırmızı qabıqlı şaftalı və nektarin növlərində isə damar sağlamlığını dəstəkləyən antosianlar və polifenollar daha çox olur. Karotinoidlərin yüksək miqdarına görə ərik gözlərin sağlamlığı və dərinin qorunması baxımından da ən faydalı meyvələrdən biri hesab edilir.
Sunay Aydın