ABŞ Konqresinin Nümayəndələr Palatasının Hüquq Komitəsinin demokrat üzvü Ceymi Raskin cinsi cinayətlərə görə məhkum edilmiş maliyyəçi Ceffri Epşteynin qeydiyyatdan keçməmiş xarici agent kimi fəaliyyət göstərmiş ola biləcəyini iddia edib.
Azpost.info bildirir ki, bu barədə Axios məlumat yayıb.
Mənbənin məlumatına görə, Merilend ştatını təmsil edən konqresmen Ceymi Raskin hökumətdən Epşteynlə bağlı sənədlərin təqdim olunmasını tələb edib. O bildirib ki, demokratlar bu ilin payızında Konqresin palatalarından birinə nəzarəti bərpa edəcəkləri təqdirdə, məhkəmə çağırışı səlahiyyətindən istifadə edərək bu məsələ ilə bağlı geniş araşdırmalara başlaya bilərlər.
Raskin administrasiya rəsmilərinə ünvanladığı məktubda qeyd edib ki, açıqlanan materiallar Epşteynin Səudiyyə Ərəbistanının emissarı olmağa çalışdığını, həmçinin Küveyt, İsrail və Rusiyanın yüksək vəzifəli şəxslərinə məsləhətlər verdiyini göstərir.
Sənədlərdən birində Epşteynin Səudiyyə Ərəbistanına belə müraciət etdiyi bildirilir: “Krallığın şahzadəsinin, sarayının və ya istənilən qurumunun maliyyə üzrə etibarlı nümayəndəsi kimi xidmət göstərə bilərəm. Səudiyyə Ərəbistanının maraqlarını təmsil etməkdən məmnun olaram.”
Raskin qeyd edib ki, dərc olunan elektron məktublar Epşteynlə Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanın yaxın münasibətlərini də ortaya qoyur.
Məktubda həmçinin iddia olunur ki, Epşteyn 2017-ci ildə Küveyt əmiri ilə Donald Tramp arasında münasibətlər barədə məsləhətlər verib. O, yazışmalarından birində Trampın səfəri ilə bağlı “çoxlu məsələlərin” olduğunu qeyd edərək, əmirin ABŞ-dan hansı konkret nəticələri gözlədiyini soruşub.
Bundan başqa, sənədlərdə Epşteynin İsrailin keçmiş baş naziri Ehud Baraka ABŞ, Rusiya və Yaxın Şərq arasında diplomatik məsələlərdə məsləhətləndirdiyi də iddia edilir.
Raskinin məktubunda ən diqqətçəkən iddialardan biri isə Epşteynin Rusiyanın BMT-dəki mərhum daimi nümayəndəsi Vitali Çurkinə Donald Trampla münasibətlər barədə tövsiyələr verməsi ilə bağlıdır. Bildirilir ki, Epşteyn 2018-ci ildə yazdığı məktubda Tramp haqqında belə qeyd edib: “Əsas odur ki, onda nəyəsə nail olduğu təəssüratı yaransın. Bu, çox sadədir.”
Konqresmen vurğulayıb ki, Epşteyn heç vaxt ABŞ-ın Xarici Agentlərin Qeydiyyatı Aktına (FARA) uyğun olaraq xarici agent kimi qeydiyyatdan keçməyib. Buna baxmayaraq, son vaxtlar açıqlanan sənədlər onun ABŞ-ın maraqlarına zidd ola biləcək bəzi xarici hökumətlərin maraqları naminə fəaliyyət göstərdiyini göstərir.
Raskin bu əlaqələrin ABŞ-ın milli təhlükəsizliyi üçün ciddi risk yaratdığını və Epşteynin xarici liderlərə prezident Donald Tramp barədə hansı məlumatları ötürə biləcəyi ilə bağlı suallar doğurduğunu bildirib.
Ağ Evin mətbuat katibi Ebiqeyl Cekson isə Axios-a açıqlamasında bildirib ki, prezident Donald Tramp Epşteynlə bağlı bütün ittihamlar üzrə tam bəraət alıb.
Konqresmen hökumətdən Səudiyyə Ərəbistanı, İsrail, Küveyt, Rusiya, Qətər də daxil olmaqla 19 ölkə ilə Epşteynin əlaqələrinə dair sənədləri avqustun 3-ü saat 17:00-dək təqdim etməyi tələb edib. O, həmçinin Ədliyyə Nazirliyindən Epşteynin FARA qanununu pozması ilə bağlı araşdırma aparılıb-aparılmadığı barədə məlumat istəyib.
N.Talıbov