Toyların əfsanəvi mahnısı “Dolya vorovskaya” nın sirri –Əsl müəllifi kimdir? / VİDEO

Sovet İttifaqında musiqi sadəcə sənət deyil, həm də ideoloji silah idi. Televiziya və radioda yalnız dövlətin müəyyən etdiyi meyarlara cavab verən ifaçılara yer verilirdi. Rəsmi səhnədən kənarda qalan yüngül və məhəllə mahnıları isə qadağalara baxmayaraq kasetlər, toylar və qeyri-rəsmi məclislər vasitəsilə sürətlə yayılırdı.

Azpost.info bildirir ki, belə mahnılardan biri də 1970-ci illərdə bütün Qafqazda və keçmiş SSRİ məkanında böyük populyarlıq qazanan “Dolya vorovskaya” idi. Həzin melodiyası və kədərli sözləri ilə tanınan bu mahnı həbsxana həyatı yaşamış, taleyindən narazı insanların qeyri-rəsmi himninə çevrilmişdi. Maraqlıdır ki, uzun illər onun əsl müəllifinin kim olduğu barədə müxtəlif versiyalar dolaşıb.

Bir çoxları mahnının müəllifinin erməni əsilli bakılı şanson ifaçısı Boka olduğunu iddia edirdi. Digərləri isə onun azərbaycanlı şansonçu Aydınçikə (Aydın Vəliyev) məxsus olduğunu düşünürdü.

Boka sonralar verdiyi müsahibələrdə etiraf edib ki, məhz “Dolya vorovskaya” onun məşhurlaşmasında mühüm rol oynayıb. O danışırdı ki, 1970-ci illərdə Daşkənddə iştirak etdiyi məclislərin birində bu mahnını ifa edərkən qonaqlardan biri gizlicə səsini lentə alıb. Bir neçə gün sonra isə bütün şəhərdə avtomobillərdən həmin mahnı səslənməyə başlayıb.

Bokanın sözlərinə görə, mahnı qısa müddətdə bütün Özbəkistana yayılıb və bundan sonra iştirak etdiyi demək olar ki, bütün məclislərdə ondan məhz “Dolya vorovskaya”nı oxumasını istəyiblər.

Azərbaycanlı şanson ifaçısı Aydınçik isə illər əvvəl verdiyi müsahibədə mahnını ilk dəfə Türkmənistanın Krasnovodsk (indiki Türkmənbaşı) şəhərində Atarik adlı müğənnidən eşitdiyini bildirib. O deyib ki, mahnını çox bəyəndiyi üçün lentə yazıb, daha sonra isə Bakıda ifa etməyə başlayıb.

Aydınçikin sözlərinə görə, mahnı onun ifasında daha geniş yayılıb və bu səbəbdən insanlar əsərin müəllifinin də o olduğunu düşünüblər. İfaçı qeyd edib ki, mahnının mətninə müəyyən əlavələr etsə də, müəllifi olmadığını heç vaxt gizlətməyib.

Ancaq araşdırmalar göstərir ki, bu məşhur mahnının tarixi daha qədimdir.

“Dolya vorovskaya” ilk dəfə hələ 1959-cu ildə “Gürcüstanfilm” kinostudiyasının istehsal etdiyi, rejissor Levan Xotivarinin çəkdiyi “Bənddə əhvalat” (“Sluçay na plotine”) filmində səslənib. Mahnının bəstəkarı isə görkəmli gürcü bəstəkarı Bidzina Kvernadze olub.

Buna baxmayaraq, bu fakt uzun illər geniş ictimaiyyətə məlum olmayıb və mahnının müəllifi barədə müxtəlif ehtimallar dolaşmaqda davam edib.

“Dolya vorovskaya” sonrakı illərdə keçmiş SSRİ məkanında onlarla ifaçı tərəfindən səsləndirilib. Hətta sovet şansonunun ən məşhur simalarından biri sayılan Vladimir Vısotskinin də bu mahnını qeyri-rəsmi məclislərdə oxuduğu bildirilir.

Aradan onilliklər keçməsinə baxmayaraq, “Dolya vorovskaya” bu gün də öz populyarlığını qoruyur. Mahnı hələ də toy məclislərində, dost görüşlərində və müxtəlif musiqi məclislərində səsləndirilir. Bir vaxtlar müəllifi mübahisə doğuran bu əsər artıq keçmiş SSRİ məkanının musiqi tarixində xüsusi yer tutan mahnılardan biri hesab olunur.

 

 

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.