Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik müqaviləsi imzalandı– İlham Əliyev və Sadır Japarovdan mühüm mesajlar

Qırğızıstanda dövlət səfərində olan Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 31-də Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi keçirilib. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlərin əsas siyasi nəticəsi isə Azərbaycan ilə Qırğızıstan arasında müttəfiqlik münasibətlərinin rəsmiləşdirilməsi olub.

Rəsmi qarşılanma mərasimində hər iki ölkənin dövlət bayraqları dalğalanıb, Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan dövlət başçısını qarşılayıb, dövlət himnləri səsləndirilib və prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Daha sonra İlham Əliyevlə Sadır Japarov arasında təkbətək görüş keçirilib. Görüşdən sonra prezidentlərin iştirakı ilə Azərbaycan-Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası baş tutub.

İclasda çıxış edən Qırğızıstan Prezidenti Sadır Japarov iki ölkə arasında münasibətlərin ortaq tarixə və qardaşlığa söykəndiyini vurğulayıb.

“Qırğızıstan və Azərbaycanı ortaq tarixi köklər birləşdirir. Bu ortaq dəyərlər hər iki xalqın zəngin mədəni irsində də öz əksini tapır”, – deyə Sadır Japarov bildirib.

Qırğızıstan lideri Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq nüfuzunun artdığını, ölkənin sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynadığını da qeyd edib.

Prezident İlham Əliyev isə çıxışında Qırğızıstanın son illərdə qazandığı sosial-iqtisadi uğurları yüksək qiymətləndirərək bildirib ki, Azərbaycan bu nailiyyətləri öz uğuru kimi qəbul edir.

“Biz Sizin dostlarınız və qardaşlarınız olaraq hər zaman uğurlarınıza sevinirik. Çünki biz dost və qardaşıq, xalqlarımızı ortaq köklər birləşdirir və qardaş ölkənin uğurlarını öz uğurumuz kimi qiymətləndiririk”, – deyə dövlət başçısı vurğulayıb.

Azərbaycan Prezidenti Ağdamda Qırğızıstanın dəstəyi ilə tikilmiş və artıq fəaliyyət göstərən “Manas” məktəbinin iki xalq arasında qardaşlığın növbəti rəmzi olduğunu bildirib.

İclas zamanı Sadır Japarov bugünkü görüşün əsas siyasi nəticəsinin “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin imzalanması olacağını açıqlayıb. O bildirib ki, yeni sənəd nəqliyyat, energetika, investisiya, təhlükəsizlik, təhsil və digər sahələrdə əməkdaşlığın daha da genişlənməsinə xidmət edəcək.

Dövlətlərarası Şuranın iclasından sonra Prezident İlham Əliyev və Prezident Sadır Japarov “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”ni imzalayıblar.

Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovun iştirakı ilə mübadiləsi mərasimi olub.

“Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında 2022-ci il 11 oktyabr tarixli Sazişə dəyişikliklərin edilməsi haqqında İkinci Əlavə Saziş”i Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Qırğızıstanın iqtisadiyyat və ticarət naziri Bakıt Sıdıkov mübadilə etdilər.

“Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş”i Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Qırğızıstanın nəqliyyat və rabitə naziri Talantbek Soltobayev mübadilə etdilər.

“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qırğız Respublikasının Nəqliyyat və Kommunikasiya Nazirliyi arasında yükdaşımalar, gəmiçilik və gəmiqayırma sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Qırğızıstanın nəqliyyat və rabitə naziri Talantbek Soltobayev mübadilə etdilər.

“Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Qırğız Respublikasının Energetika Nazirliyi arasında neft məhsullarının tədarükü sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov və Qırğızıstanın energetika naziri Altınbek Rısbekov mübadilə etdilər.

“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında energetika sahəsində əməkdaşlıq üzrə 2026-2028-ci illər üçün Yol Xəritəsi”ni Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov və Qırğızıstanın energetika naziri Altınbek Rısbekov mübadilə etdilər.

“2024-cü il aprelin 24-də Bakı şəhərində imzalanmış Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə Qırğız Respublikasının Nazirlər Kabineti arasında 2024-2029-cu illər üçün Əməkdaşlıq Proqramının həyata keçirilməsinə dair Yol Xəritəsi”ni Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov və Qırğızıstanın iqtisadiyyat və ticarət naziri Bakıt Sıdıkov mübadilə etdilər.

“Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Qırğız Respublikasının Milli Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov və Qırğızıstanın Milli Statistika Komitəsinin sədri Baktıbek Kudaybergenov mübadilə etdilər.

“Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Qırğız Respublikasının Dövlət Milli Təhlükəsizlik Komitəsi arasında kibertəhlükəsizlik sahəsində Anlaşma Memorandumu”nu Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov və Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Maksat Asanaliyev mübadilə etdilər.

“Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə Qırğız Respublikasının İqtisadiyyat və Ticarət Nazirliyi yanında Maliyyə Bazarının Tənzimlənməsi və Nəzarəti Xidməti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov və Qırğızıstanın İqtisadiyyat və Ticarət Nazirliyi yanında Maliyyə Bazarının Tənzimlənməsi və Nəzarəti Xidmətinin sədri Kayrat Mamatov mübadilə etdilər.

“Azərbaycan Respublikasının Şuşa şəhəri ilə Qırğız Respublikasının Çolpon-Ata şəhəri arasında qardaşlaşma əlaqələrinin yaradılması haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov və Qırğızıstanın Çolpon-Ata şəhərinin meri Rustam Kadırkulov mübadilə etdilər.

“Azərbaycan Respublikasının Qəbələ şəhəri ilə Qırğız Respublikasının Karakol şəhəri arasında qarşılıqlı əməkdaşlıq və qardaşlaşma əlaqələrinin yaradılması haqqında Memorandum”u Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov və Qırğızıstanın Karakol şəhərinin meri Talantbek İmanov mübadilə etdilər.

“Azərbaycan Respublikasının Gəncə şəhəri ilə Qırğız Respublikasının Oş şəhəri arasında əməkdaşlığın və qardaşlaşma əlaqələrinin yaradılması haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov və Qırğızıstanın Oş şəhərinin meri Janar Akayev mübadilə etdilər.

“AzerGold” QSC ilə “Kyrgyzaltyn” ASC arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında Memorandum”u “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov və “Kyrgyzaltyn” ASC-nin İdarə Heyətinin sədri Kubat Abdraimov mübadilə etdilər.

Beləliklə, imzalanan sənəd Azərbaycan-Qırğızıstan münasibətlərini strateji tərəfdaşlıq səviyyəsindən daha yüksək mərhələyə – müttəfiqlik səviyyəsinə yüksəldən ən mühüm siyasi sənəd kimi qiymətləndirilir. Bu müqavilənin iki ölkə arasında siyasi dialoqu, iqtisadi əməkdaşlığı, təhlükəsizlik, nəqliyyat, enerji və humanitar əlaqələri daha da gücləndirəcəyi gözlənilir.

X.SƏFƏRLİ

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.