Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs razılaşmasının ikinci mərhələsinin həyata keçirilməsinin İsrailin birinci mərhələ üzrə öhdəliklərini tam yerinə yetirməsindən asılı olduğunu bəyan edib.
Bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb.
HƏMAS-ın bəyanatında bildirilib ki, İsrail qoşunlarını Qəzza zolağından tam çıxarmalı, həmçinin hücumları dayandırmalıdır. “İşğalçı hakimiyyətin qətlləri dayandırmaq öhdəliyinə sadiq qalması əldə olunmuş razılaşmaların icrasının davam etdirilməsi və növbəti mərhələlərin vaxtının müəyyənləşdirilməsi üçün əsas şərtdir”, – deyə bəyanatda vurğulanıb.
HƏMAS əlavə edib ki, razılaşmanın davamı üçün Qəzza zolağının idarə olunması üzrə Milli Komitənin fəaliyyətə başlaması, beynəlxalq sabitləşdirici qüvvələrin bölgəyə yerləşdirilməsi və İsrailin dəstəklədiyi silahlı qrupların buraxılması da vacib şərtlər sırasındadır.