İran ABŞ-ın öz ərazisinə yeni hərbi zərbə endirəcəyi təqdirdə, Fars körfəzi ölkələrinin əsas enerji infrastrukturunun da cavab hücumlarının hədəfinə çevrilə biləcəyi barədə xəbərdarlıq edib.
Bu barədə Reuters agentliyi diplomatik danışıqlarla tanış olan beş mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, xəbərdarlıq ABŞ Prezidenti Donald Trampın iyulun 28-də İranın enerji sistemi və digər infrastruktur obyektlərinə mümkün zərbələr barədə verdiyi açıqlamadan sonra edilib.
İranın xarici işlər naziri Abbas Əraqçi Səudiyyə Ərəbistanı, Türkiyə və Qətərdən olan həmkarları, eləcə də Pakistan Ordusunun Baş Qərargah rəisi ilə telefon danışıqları aparıb. Tehran Vaşinqtonun regional müttəfiqlərini öz təsir imkanlarından istifadə edərək yeni hərbi eskalasiyanın qarşısını almağa çağırıb.
Regional diplomatların birinin sözlərinə görə, İran bütün danışıqlarda eyni mesajı verib: “Biz cavab verməyə hazırıq. Lakin daha genişmiqyaslı eskalasiya və regionda dağıntıların qarşısını almağın ən yaxşı yolu diplomatik həll yoludur.”
Mənbələrin bildirdiyinə görə, Tehran açıq şəkildə xəbərdarlıq edib ki, İranın infrastrukturuna zərbə endiriləcəyi halda cavab olaraq Körfəz ölkələrinin enerji obyektləri və ABŞ-la əlaqəli digər hədəflər vurula bilər. Söhbətin neft yataqları, neft emalı zavodları, elektrik şəbəkələri, su təchizatı sistemləri və nəqliyyat infrastrukturundan getdiyi qeyd olunur.
Agentliyin yazdığına görə, İran bu yolla mümkün münaqişənin genişlənməsi riskindən Vaşinqtona qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışır. Eyni zamanda Tehran ABŞ hərbi bazalarının yerləşdiyi və enerji ixracından asılı olan Körfəz ölkələrini çətin seçim qarşısında qoymağa çalışır.
Bu diplomatik təmaslardan sonra Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Donald Trampla telefon danışığı apararaq onu hərbi əməliyyatları təxirə salmağa, danışıqları bərpa etməyə və diplomatik həll yoluna üstünlük verməyə çağırıb.
Qətər, Oman və Səudiyyə Ərəbistanı da Vaşinqtonla Tehran arasında danışıqların yenidən başlanmasının tərəfdarı olduqlarını bildiriblər. İranlı mənbənin sözlərinə görə, region ölkələri yeni münaqişənin Yaxın Şərqi “od topuna” çevirə biləcəyindən narahatdır.
Bununla yanaşı, Ər-Riyad öz ərazisinə təhlükə yaranacağı təqdirdə müdafiə olunacağını bəyan edib. Körfəz ölkələrindən birinin nümayəndəsi bildirib ki, Səudiyyə Ərəbistanına ediləcək istənilən hücum hərbi cavabla qarşılanacaq.
İran rəsmiləri 2019-cu ildə Saudi Aramco şirkətinin Abqaiq və Xuraysdakı obyektlərinə edilən hücumları da xatırladıblar. Həmin hücumlar nəticəsində krallığın neft hasilatının əhəmiyyətli hissəsi müvəqqəti olaraq dayanmışdı.
Reuters-in qiymətləndirməsinə görə, Tehran hesab edir ki, Donald Trampın qarşısında iki seçim var: ya bütün regionu əhatə edə və qlobal enerji bazarına təsir göstərə biləcək yeni eskalasiyaya getmək, ya da ABŞ üçün tam qələbə təsiri yaratmayan diplomatik razılaşmanı qəbul etmək.