ABŞ vətəndaşlarının əksəriyyəti sosial şəbəkələrin fəaliyyətinə dövlət nəzarətinin gücləndirilməsini, o cümlədən uşaqların platformalara girişini məhdudlaşdırmaq üçün məcburi yaş yoxlamasının tətbiq edilməsini dəstəkləyir.
Azpost.info bildirir ki, bu, “Reuters/Ipsos”un keçirdiyi sorğunun nəticələrində əksini tapıb.
Sorğuda iştirak edənlərin 61%-i sosial şəbəkələr üzərində daha sərt dövlət nəzarətinin tətbiq edilməsinin vacib olduğunu bildirib. Bu mövqeyi demokratların 71%-i və respublikaçıların 62%-i dəstəkləyib. Müstəqil seçicilər arasında dəstək səviyyəsi daha aşağı olub.
Uşaqlar üçün yaş məhdudiyyəti
Respondentlərin 66%-i sosial şəbəkələrin 16 yaşdan aşağı uşaqların platformalara daxil olmasına imkan verməmək üçün yaş yoxlaması sistemlərindən istifadə etməsini məcbur edən qanunların qəbulunu dəstəkləyib.
Bu təşəbbüs respublikaçıların 74%-i, demokratların isə 69%-i tərəfindən dəstəklənib.
Sorğu ABŞ-da texnologiya şirkətlərinin azyaşlılara təsiri ilə bağlı təzyiqlərin artdığı bir vaxtda keçirilib.
Artıq ABŞ-ın ondan çox ştatında uşaqların sosial şəbəkələrə girişini tənzimləyən qanunlar qəbul edilib. Lakin “Meta”, “TikTok” və “Snap” şirkətlərinin də daxil olduğu NetChoice sənaye birliyi bu tələblərin məhkəmələrdə ləğvinə çalışır.
Birlik hesab edir ki, bu cür məhdudiyyətlər söz azadlığı hüququnu poza bilər.
Amerikalılar uşaqlar üçün sosial şəbəkələrdən narahatdır
Sorğunun nəticələrinə görə, amerikalıların 85%-i sosial şəbəkələrin uşaqlarda asılılıq yarada biləcəyini düşünür. Respondentlərin buna yaxın hissəsi sosial şəbəkələrdən istifadənin azyaşlıların psixi sağlamlığına mənfi təsir göstərə biləcəyini bildirib.
Bununla belə, sosial şəbəkələr ABŞ əhalisi arasında populyarlığını qoruyur. Sorğuda iştirak edənlərin 70%-i bu platformalarda vaxt keçirməyi xoşladığını deyib. Digər tərəfdən, 35% sosial şəbəkələrdə vaxt keçirməyin onlar üçün stress mənbəyi olduğunu bildirib. Respondentlərin 52%-i sosial şəbəkələrdə həddindən artıq vaxt keçirdiyini etiraf edib. 43% isə bu fikirlə razılaşmayıb.
“Reuters/Ipsos” sorğusu ABŞ-da 4505 yetkin şəxsin iştirakı ilə onlayn keçirilib. Araşdırmanın nəticələrində xəta payı təxminən 2 faiz bəndi təşkil edir.
Nadir