İranlı qızdan Hollivud ulduzuna –Şöhrə Ağdaşlunun Azərbaycan soyadı ilə yazdığı hekayə

2009-cu il sentyabrın 20-də İran əsilli aktrisa Şöhrə Ağdaşlu “Emmi” mükafatına layiq görüldü. Onun həyat hekayəsi isə yalnız Hollivuddakı uğurları ilə deyil, daşıdığı soyadla da diqqət çəkir. Şöhrə Ağdaşlu bu soyadı Azərbaycan əsilli ilk həyat yoldaşı Aydın Ağdaşlıdan götürüb və sonrakı evliliyinə baxmayaraq onu dəyişməyib.

Bu, Tehranda atasının etirazına baxmayaraq aktrisa olmaq arzusunun ardınca gedən bir gənc qızın, İran inqilabından sonra ölkəsini tərk edən mühacirin və illər sonra Hollivudda “Oskar” və “Emmi” namizədi olan sənətçinin hekayəsidir.

Atasının etirazına baxmayaraq səhnəyə çıxdı

Şöhrə Pəri Vəziri-Tabar 1952-ci ildə Tehranda imkanlı fars ailəsində anadan olub. Yeniyetməlik dövründən aktrisa olmaq istəyən Şöhrənin qarşısında ilk maneə ailəsi idi. Atası onun aktyorluqla məşğul olmasına kəskin etiraz edirdi. Buna görə Şöhrə teatr dərnəklərinə gizli şəkildə getməyə başlayıb.

Onun həyatında mühüm dönüş nöqtələrindən biri 1972-ci ildə baş verdi. Şöhrə tanınmış rəssam Aydın Ağdaşlı ilə evləndi. Aydın Ağdaşlının ailəsinin Azərbaycanla bağlılığı da xüsusi diqqət çəkir. Onun atası Azərbaycan Xalq Cümhuriyyəti dövründə Daxili İşlər Nazirliyində məmur və Müsavat Partiyasının üzvü olub. Bolşevik işğalından sonra isə İrana köçüb.

Aydın bəy Şöhrənin aktrisa kimi fəaliyyət göstərməsinə icazə verdi. Bundan sonra onun sənət yolu daha sürətlə inkişaf etməyə başladı.

İran kinosunun yeni ulduzu

Şöhrə əvvəlcə teatr tamaşalarında çıxış edib. 1976-cı ildə isə ilk dəfə kinoda rol alıb. Abbas Kiarostaminin “Hesabat” və Əli Hatəminin “Həsrət” filmlərində baş rolları canlandırdıqdan sonra İran kinematoqrafiyasının yeni ulduzlarından birinə çevrilib.

Lakin onun İrandakı uğurlu karyerası uzun sürmədi.

1979-cu ildə İslam İnqilabından az sonra Şöhrə ölkəni tərk etdi. Həyat yoldaşı Aydın Ağdaşlı isə İrandan çıxa bilmədi. Qısa müddət sonra onların nikahı da sona çatdı.

Şöhrə artıq yeni həyata başlamalı idi.

Aktrisalığı buraxacağını düşünürdü

İrandan ayrıldıqdan sonra əvvəlcə Londonda yaşayan Şöhrə Brunel Universitetində Beynəlxalq Münasibətlər üzrə bakalavr təhsili aldı. Bir müddət aktyorluq karyerasının başa çatdığını düşünürdü. Hətta yeni ixtisası üzrə işləməyə hazırlaşırdı.

Lakin sənətə olan bağlılığı onu yenidən aktyorluğa qaytardı.

1987-ci ildə ABŞ-a köçən Şöhrə iranlı dramaturq, rejissor və aktyor Huşəng Tuzi ilə evləndi. Maraqlıdır ki, ikinci nikahına baxmayaraq ilk həyat yoldaşından aldığı Ağdaşlu soyadını dəyişmədi.

Hollivudda uzun gözləyiş

ABŞ-da aktyorluq fəaliyyətini yenidən başlayan Şöhrə Ağdaşlu ilk illərdə ciddi çətinliklərlə üzləşdi. Ona əsasən kiçik və epizodik rollar təklif olunurdu. Hollivudda tanınmaq üçün illərlə gözləməli oldu.

Nəhayət, 2003-cü il onun karyerasında dönüş nöqtəsinə çevrildi.

Rejissor Vadim Perelman “Qum və dumandan ev” (“House of Sand and Fog”) filmi üçün iranlı qadın obrazına uyğun aktrisa axtarırdı. Aylarla davam edən axtarışdan sonra bu rol Şöhrə Ağdaşluya həvalə edildi.

Aktrisa filmdə Nadi obrazını canlandırdı və bu rol onun Hollivud karyerasını tamamilə dəyişdi.

“Oskar”a gedən yol

Şöhrə Ağdaşlunun “Qum və dumandan ev” filmindəki çıxışı böyük rəğbətlə qarşılandı. 2004-cü ildə o, “İkinci planda ən yaxşı qadın rol ifaçısı” nominasiyasında “Oskar” mükafatına namizəd oldu. Mükafat həmin il “Soyuq dağ” filmindəki roluna görə Rene Zellvegerə verildi.

Şöhrə qalib gəlməsə də, “Oskar” namizədliyi onun Hollivuddakı mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirdi.

“Emmi” ilə gələn böyük uğur

Şöhrə Ağdaşlunun növbəti böyük uğuru televiziya sahəsində oldu. “Səddamın evi” mini-serialında Səddam Hüseynin ilk həyat yoldaşı Sacidə Talfa obrazını canlandırdı. Bu rol ona 2009-cu ildə nüfuzlu “Emmi” mükafatını qazandırdı.

Beləliklə, Tehranda atasının etirazına baxmayaraq gizli şəkildə teatr dərnəklərinə gedən qız illər sonra dünyanın ən nüfuzlu kino və televiziya mükafatlarından birinə sahib oldu.

Azərbaycan soyadı ilə dünya şöhrəti

Şöhrə Ağdaşlunun hekayəsində diqqət çəkən məqamlardan biri onun Ağdaşlu soyadını bütün həyatı boyu daşımasıdır. İlk evliliyinin bitməsinə və sonradan başqa bir iranlı sənətçi ilə ailə qurmasına baxmayaraq, aktrisa ilk həyat yoldaşından aldığı soyadı dəyişməyib. Bu soyadla o, əvvəlcə İran kinosunda tanındı, daha sonra ABŞ-a köçərək Hollivudda “Oskar” namizədi oldu və nəhayət “Emmi” mükafatını qazandı.

“Ekspansiya” ilə yeni nəsil onu tanıdı

Şöhrə Ağdaşlu sonrakı illərdə də filmlərdə və seriallarda çəkilməyə davam edib. Onun ən çox yadda qalan rollarından biri 2015-2022-ci illərdə yayımlanan “Ekspansiya” kosmik fantastika serialındakı Krisjen Avasarala obrazıdır.

Bu rol aktrisanı yeni nəsil tamaşaçılara da tanıtdı.

Şöhrə Ağdaşlunun həyat yolu bir neçə ölkə və mədəniyyət arasında keçib: Tehranda başlayan aktyorluq arzusu, İran kinosunda qazandığı şöhrət, inqilabdan sonra mühacirət, Londonda təhsil və nəhayət Hollivudda “Oskar” və “Emmi”yə gedən yol.

Onun hekayəsinin ən maraqlı detallarından biri isə bütün bu dəyişikliklər fonunda Azərbaycan əsilli ilk həyat yoldaşından aldığı Ağdaşlu soyadını qoruyub saxlamasıdır.

 

Yadigar Sadıqlı

AzPost.az

 

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.