Kartdan-karta köçürmə edənlərə ŞAD XƏBƏR-Gündəlik limit yoxdur /RƏSMİ

Bank kartları ilə bağlı problemlər artır
Bank kartları ilə bağlı problemlər artır

Azərbaycanda ödəniş alətləri üzrə mədaxil əməliyyatlarına tətbiq edilən yeni limitlərlə bağlı suallar davam edir.

Azpost.info bildirir ki, avqustun 1-dən qüvvəyə minən qaydalara əsasən, hər bir ödəniş aləti üzrə gün ərzində maksimum 5 mədaxil əməliyyatı aparmaq, ay ərzində isə karta 20 min manatadək vəsait qəbul etmək mümkündür.

Azərbaycan Banklar Assosiasiyasının (ABA) İcraçı direktoru Yunus Abdulov APA-ya müsahibəsində yeni qaydaların məqsədi, 5 əməliyyat limitinin müəyyənləşdirilməsi və bunun vətəndaşların gündəlik ödənişlərinə təsiri ilə bağlı suallara aydınlıq gətirib.

5 əməliyyat limiti nəyə aiddir?

Yunus Abdulovun sözlərinə görə, tətbiq edilən məhdudiyyət kartdan pul çıxarılmasına və ya kartdan-karta köçürmələrə aid deyil.

Limit yalnız mədaxil əməliyyatlarına, yəni vəsaitin karta qəbul edilməsinə şamil olunur. Bir ödəniş aləti üzrə gündə maksimum 5 belə əməliyyat həyata keçirilə bilər. Aylıq məbləğ limiti isə 20 min manatdır.

Bu qayda nağd pulun özünəxidmət terminalları və bankomatlar vasitəsilə karta yatırılmasına da aiddir.

Eyni zamanda, müştərinin öz kartları arasında həyata keçirdiyi əməliyyatlar və yaxın qohumların kartlarından edilən mədaxillər limitdən istisna edilə bilər.

Kartdan-karta köçürməyə limit yoxdur

ABA rəsmisi xüsusilə vurğulayıb ki, vətəndaşların kartdan pul vəsaitinin məxaric edilməsinə, o cümlədən kartdan-karta köçürmələrə hər hansı say limiti tətbiq edilmir.

Yəni yeni qayda gündəlik kartdan-karta pul göndərmək imkanını məhdudlaşdırmır. Məhdudiyyət əsasən karta vəsaitin qəbul edilməsi əməliyyatlarının sayına və aylıq məbləğinə aiddir.

Niyə məhz 5 əməliyyat?

5 əməliyyat limitinin təsadüfi müəyyənləşdirilmədiyini bildirən Yunus Abdulov qeyd edib ki, bu cür məhdudiyyətlər tətbiq edilməzdən əvvəl orta statistik göstəricilər, müştərilərin normal davranışları, həmçinin əməliyyatların sayı və məbləği təhlil olunur.

Məqsəd risklərin idarə edilməsidir.

Onun sözlərinə görə, sağlam ödəniş vərdişlərinə malik adi vətəndaşlar üçün müəyyən edilən limitlər gündəlik maliyyə əməliyyatlarında ciddi çətinlik yaratmamalıdır.

Nağdsız ödənişlərə mənfi təsir etməyəcək”

ABA hesab edir ki, yeni limitlər nağdsız ödənişlərin inkişafına mənfi təsir göstərməyəcək.

Əksinə, sağlam xarakterli nağdsız əməliyyatların təşviq ediləcəyi gözlənilir. Vətəndaşlar POS-terminallardan, mobil POS və QR ödənişlərindən, həmçinin elektron bankçılıq xidmətlərindən əvvəlki qaydada istifadə edə bilərlər.

Limitlər gələcəkdə dəyişə bilər

Yunus Abdulov limitlərin gələcəkdə yenidən nəzərdən keçirilməsinin mümkün olduğunu da istisna etməyib.

Onun sözlərinə görə, hazırkı ümumi limitlər baza xarakteri daşıyır. Banklar isə müştərilərin risk profilinə əsasən fərqli yanaşmalar tətbiq edə bilərlər.

ABA rəsmisi bildirib ki, qabaqcıl beynəlxalq təcrübədə risk əsaslı yanaşma geniş tətbiq olunur və Azərbaycanda da limitlərə ekosistemin inkişaf tendensiyasına uyğun olaraq yenidən baxılması mümkündür.

Məqsəd nədir?

Banklar Assosiasiyasının açıqlamasına görə, əsas məqsəd rəqəmsal ödəniş ekosistemində risk əsaslı yanaşmanı gücləndirmək, bankların və digər iştirakçıların təhlükəsiz və dayanıqlı fəaliyyətini təmin etməkdir.

Bu səbəbdən hazırkı məhdudiyyətin dəyişməz formada uzun illər qüvvədə qalacağına dair yekun yanaşma yoxdur. Gələcəkdə həm limitlərin yenilənməsi, həm də alternativ risk idarəetmə mexanizmlərinin tətbiqi mümkün hesab edilir.

Samir Abdulla

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.