Ukraynada Rusiya tərəfindən həyata keçirilən zərbələr nəticəsində istilik elektrik stansiyalarının hamısının ciddi şəkildə zədələndiyi və ölkənin qarşıdakı qış mövsümü ilə bağlı ciddi problemlə üzləşdiyi bildirilir.
Ukrayna Prezidenti Vladimir Zelenski yerli KİV-ə açıqlamasında bildirib ki, Rusiya zərbələri ölkənin enerji infrastrukturuna böyük ziyan vurub.
Onun sözlərinə görə, hazırda Ukraynada tamamilə salamat qalmış istilik elektrik stansiyası faktiki olaraq yoxdur. Bu vəziyyət qış mövsümünə hazırlıq baxımından ciddi narahatlıq yaradır.
Zelenski vurğulayıb ki, Ukrayna müharibənin başa çatmasına, ləyaqətli sülhə və zəmanətli təhlükəsizliyin təmin edilməsinə çalışır.
“Rusiya raketləri məhz ukraynalıların həyatını dözülməz etmək məqsədi daşıyır. Energetika sahəsində tərəfdaşlarımızla bütün əməkdaşlıq layihələri böyük əhəmiyyət daşıyır. Ölkələrimiz arasında enerji əməkdaşlığının gücləndirilməsi üçün imkanların olması vacibdir”, – deyə Zelenski bildirib.
Ukrayna hakimiyyəti qarşıdakı qışda enerji sisteminin dayanıqlığının təmin edilməsini əsas məsələlərdən biri hesab edir. Enerji obyektlərinə yeni zərbələrin endirilməsi və mövcud infrastrukturun bərpasının çətinliyi isə ölkənin elektrik və istilik təminatı ilə bağlı riskləri artırır.