Avqustun 11-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST Agentliyinin Naxçıvan Regional DOST Mərkəzinin açılışında iştirak ediblər.
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev dövlət başçısına və birinci xanıma mərkəzdə yaradılan şərait barədə məlumat verib.
Yeni mərkəzdə vətəndaşlara 164 növ sosial xidmət göstəriləcək. Burada 117 əməkdaş və 50 könüllü fəaliyyət göstərəcək. Gün ərzində orta hesabla 500-600 vətəndaşın qəbulu nəzərdə tutulur.
Xidmətlər “bir pəncərə” prinsipi əsasında təşkil olunub. Bu, pensiya, əmək və məşğulluq, sosial müavinətlər, əlillik, övladlığa götürmə və digər sosial xidmətlərin vahid məkanda daha operativ və əlçatan şəkildə göstərilməsinə imkan verəcək.
Əlilliyi olan şəxslər üçün yeni imkanlar
Mərkəzdə əlilliyi olan şəxslərin tibbi-sosial ekspertizası aparılacaq, onların fərdi ehtiyaclarına uyğun reabilitasiya vasitələri ilə təminatı həyata keçiriləcək. Həmçinin reabilitasiya xidmətlərindən yararlanmaq üçün ixtisaslaşmış müəssisələrə göndərişlər rəsmiləşdiriləcək.
Prezident İlham Əliyev və Mehriban Əliyeva yüksək texnologiyalı protezlərlə də tanış olublar. Bildirilib ki, indiyədək 500-dən çox hərbçiyə 620 yüksək texnologiyalı protez təqdim edilib.
Yüksək texnologiyalı reabilitasiya və tibbi-sosial xidmətlər nəticəsində müharibə ilə əlaqədar əlilliyi olan 300-dək şəxs əvvəlki sağlamlığına qovuşub.
Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin yüksək texnologiyalı protezlərlə təminatına Heydər Əliyev Fondunun təşəbbüsü ilə başlanılıb.
Reabilitasiya vasitələrinin sayı artırılıb
Dövlətin sosial müdafiə siyasəti çərçivəsində əlilliyi olan şəxslər üçün reabilitasiya vasitələrinin çeşidi 57-dən 130-a çatdırılıb.
Bu ilin əvvəlindən etibarən əlilliyi olan şəxslər 300 minədək müxtəlif reabilitasiya vasitəsi ilə təmin olunub.
Mərkəzdə həssas qruplardan olan şəxslərin hazırladığı əl işlərindən ibarət sərgi də təşkil edilib. Bədii oyma, xalçaçılıq, dulusçuluq, təsviri sənət, vitraj və floristika nümunələri təqdim olunub.
Bu məhsulların onlayn satışı “dostart.az” portalı vasitəsilə həyata keçirilir. Layihənin əsas məqsədlərindən biri həssas qruplardan olan şəxslərin yaradıcılıq potensialını üzə çıxarmaq və onların iqtisadi fəallığını artırmaqdır.
Naxçıvanda yeni inklüziv mərkəz yaradılacaq
Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Naxçıvan Regional İnformasiya Mərkəzinin bazasında yaradılması nəzərdə tutulan Naxçıvan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin layihəsi də təqdim edilib.
Yeni mərkəzdə əlilliyi olan şəxslərə göstərilən sosial bacarıqların inkişafı xidmətlərinin sayının 13-dən 20 istiqamətə çatdırılması planlaşdırılır.
DOST şəbəkəsi genişləndirilir
Azərbaycanda həyata keçirilən sosial islahatlar beynəlxalq səviyyədə də qiymətləndirilib. Ölkə müxtəlif beynəlxalq təşkilatlardan 300-dən artıq mükafat və sertifikat alıb. Bu mükafatlar arasında BMT-nin Dövlət Xidmətləri Mükafatı da yer alır.
Birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST mərkəzlərində indiyədək vətəndaşlara 164 növ xidmət göstərilib və ümumilikdə 4,6 milyon sosial xidmət həyata keçirilib. Xidmətlərdən məmnunluq səviyyəsi isə təxminən 99 faiz təşkil edib.
DOST şəbəkəsinin genişləndirilməsi də davam etdirilir. 2026-2027-ci illərdə Naxçıvanın bütün rayon mərkəzlərində DOST qəbul şöbələrinin yaradılması, 2030-cu ilədək isə ölkə üzrə 18 DOST mərkəzi, 60 şöbə və məntəqədən ibarət geniş xidmət şəbəkəsinin formalaşdırılması planlaşdırılır.
